
Azərbaycanda “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb.
Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
“Elektroenergetika haqqında” qanuna dəyişikliyə əsasən isə sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edilir. Layihədə, həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənir.
Hər iki qanunla bağlı mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələr aparılıb. Bəziləri qanunların qüvvəyə minməsindən sonra qaz və işıqla bağlı limitlərin ləğv ediləcəyini iddia edir.
Modern.az-a açıqlamasında enerji məsələri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, dünyada belə bir təcrübə mövcuddur:
“Xüsusilə də, Qərbi Avropa ölkələrində çoxdan belə praktika özünü göstərir. Azərbaycan üçün də bu yad bir şey deyil. İnsanlar bunu şok kimi qəbul edirlər. Amma bu belə deyil. Ölkəmiz XXI əsrə qədəm qoyandan və yeni tikililər inşa edilməyə başlayandan 99% MTK-lar evdə yaşayıb-yaşamamağından asılı olmayaraq kirayə haqqı alırlar. Bunu bir ili üçün “Xruşşovka” və doqquz mərtəbəlilərdə yaşayan insanlar 35-40 manat illik mənzil kommunal təsərrüfatına pul ödəyirdisə, 1 ayına 30-100 manatı ürəklə verirdilər. Digər yandan deyirdilər ki, yaxşı yaşamaq istəyirsənsə, ödə. Qurtardı, getdi.
Bu məsələnin əsas hissəsi ondan ibarət olacaq ki, sabit tariflər hansı baxışla tətbiq ediləcək, bu evin kvadratındanmı, otaq sayındanmı asılı olacaq? Yaxud mənzillərin ümumi sayına bölünüb əmsal çıxarılacaq? Çünki hər bir binanın transformator, qaz paylacı sistemi var. Ona görə buna normal yanaşmaq lazımdır, faciə kimi yox”.
Ekspert söyləyib ki, yeni qanun layihələrinin işıq və qaza tətbiq olunan limitlə bağlılığı yoxdur:
“30-50 manat sabit tarif verilməyəcək ki, onun içərisində hansı həddə istəyirsən istifadə et. Hardasa bunu qiyməti 1-2 manat olacaq. Kiçik bir şeydir. Xəttə qoşulmaq, abonent kimi saxlanılma haqqıdır. Onun istifadəyə heç bir dəxli yoxdur”.