Azərbaycan Dillər Universitetində (ADU) Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradılıb.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Milletinsesi.az-a verilən məlumata görə, ali təhsil ocağının Elmi Şurasının qərarı ilə ölkədə ilk dəfə yaradılan institutun fəaliyyəti çoxşaxəli olacaq.
Universitetin rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla Klassik Dillər və Mədəniyyətlər İnstitutunun yaradılmasının Azərbaycanın filologiya, humanitar elmlər sahəsində oynayacağı böyük roldan danışıb:
“Azərbaycanda filologiya, humanitar elmlər sahəsində belə bir addıma çoxdan ehtiyac var idi. Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaxın gələcəkdə Azərbaycanın bu sahə ilə maraqlanan bütün mütəxəssisləri üçün gərəkli və vacib elm mərkəzinə çevriləcək. İnstitut Qədim yunan, Çin, latın və sanskrit dilləri və mədəniyyətlərinin öyrənilməsi istiqamətində artıq konkret işlər həyata keçirir. Ümid edirəm ki, ADU-dan kənarda da bu institutun fəaliyyəti diqqət mərkəzində olacaq. Eyni zamanda bu dillərin özü ilə gətirdiyi mədəniyyətlərdən söhbət gedir. Bu mədəniyyətlərin də bir-birini tamamlayaraq öyrənilməsi bizim üçün həm Azərbaycan dilində, həm mədəniyyətimizdə, həm öyrəndiyimiz dillərdə olan yeni qatları üzə çıxaracaq. Biz bu yeni qatlardan istifadə edərək öz mədəniyyətimizin daha dərin qatlarına enə biləcəyik və öyrəndiyimiz dillərin uyğun, adekvat, qədim mənzərəsi ilə qarşı-qarşıya duracağıq. Bu dillərin öyrənilməsi bu gün müasir Hind-Avropa dillərinin öyrənilməsinin çox effektiv üsuludur”.
Akademik Kamal Abdulla əlavə edib ki, klassik dillər və mədəniyyətlər filologiyanın çox böyük məsələsidir. Bu dillərə ilk növbədə latın dili, qədim yunan dili, sanskrit daxildir:
“Bundan başqa qədim pəhləvi dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən, bilmədən, onlar haqqında təsəvvürə malik olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Filologiya klassik dillərin tədrisi olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada universitetimizdə hələlik dörd dillə klassik dillərin öyrədilməsinə başlamaq niyyətindəyik. Əsas məsələ odur ki, biz təkcə bu dilləri öyrənməyəcəyik, qeyd etdiyim kimi, bu dillərin özü ilə gətirdiyi mədəniyyətləri öyrənəcəyik. Ona görə də bu dilləri tədris edən mütəxəssislərin hərtərəfli formalaşmış mütəxəssislər olmasına ehtiyac var. Müxtəlif ölkələr, onların universitetləri ilə, o ölkələrin bizdəki səfirləri ilə faydalı danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Çin, Yunanıstan səfirlikləri bizə bu istiqamətdə kömək edəcəklər. Bu ölkələrin universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri var”.
K.Abdulla ilk dəfə ADU-da yaradılan Klassik Dillər və Mədəniyyətlər İnstitutunun mühüm xidmətləri olacağına inandığını vurğulayıb.