Türkiyənin DEM Partiyasından olan deputatı Ömer Faruk Gergerlioğlu növbəti dəfə Azərbaycanı hədəfə alıb.
Dəfələrlə Azərbaycanı İsraillə qarşılıqlı maraqlara söykənən əlaqələrinə görə pisləyən deputat bu dəfə Fələstin tərəfdarı 12 fəalın olduğu “Madeline” gəmisinin Qəzza zolağı sahilinə buraxılmaması ilə bağlı paylaşım edib və aidiyyatı olmadan Azərbaycanı günahlandırıb.
“Belələrinin çıxışları təəccüb doğurmur”
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Gergerlioğlu DEM Partiyasının üzvü olduğundan onun açıqlamaları heç də təəccüb doğrumur:
“Ömer Faruk Gergeroğlunun kimliyi bəllidir. İlk növbədə baxmaq lazımdır ki, o hansı zehniyyəti təmsil edir. Bu adam DEM Partiyasından olan deputatdır. Həmin partiya onun yaşadığı Türkiyə Cümhuriyyəti dövlətinə belə xəyanətkar mövqedədir. Bu adam da həmin xəyanətkar zehniyyətin daşıyıcısıdır. Azərbaycan-Türkiyə münasibətlərinə həmişə bunlar zərbə vurmağa çalışırlar. İki öıkə arasındakı dostluğun, qardaşlığın əleyhindirlər. Ona görə də, o adamın zaman-zaman Azərbaycan əleyhinə millət vəkili olaraq açıqlamalarına heç təəccüblənmədim. Türkiyədə ağlı səlim olanlar, vətənsevərlər bu adamın kimə və nəyə xidmət etdiklərini bilirlər. Azərbaycan-Türkiyə münasibətləri Ömer Faruk Gergerlioğlu kimilərinin deyimləri üzərində qurulmayıb. Azərbaycanla Türkiyə arasında bağlar çox güclüdür. Bizim ortaq şəhidlikərimiz, qan bağımız var. Bizim tariximiz, taleyimiz ortaqdır. Zaman-zaman belə açıqlamalar, bu dostluğa,qardaşlığa zərbə vura bilməz. Türkiyədə yüzlərlə, minlərlə insananın onun cavabını verəcəyinə əminəm”.
T.Rüstəmxanl vurğulayıb ki, Azərbaycan heç vaxt xarici siyasətində Türkiyənin əleyhinə olacaq hansısa anlaşmanın və düşüncənin içərisində olmaz:
“Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xarici siyasətində heç vaxt Türkiyənin əleyhinə olacaq hansısa anlaşmanın və düşüncənin yanında olmaz. Necə ki, Türkiyəmiz də həmişə bizə qarşı eyni münasibəti bəsləyib. Amma bir dövlət olaraq, əlbəttə, müharibə zamanı yanımızda olan Pakistan və İsrail də daxil olmaqla digər ölkələrlə də əlaqələr olacaq. Yəni müstəqil xarici siyasət yeridiləcək. Din qardaşımız dediyimiz İranın qarşımızda olmasına baxmayaraq, İsrail Azərbaycanın yanında olmuşdu”.
“Bunlar ürək bulandırırlar”
Parlamentari Gergerlioğlu kimiləri milçəyə oxşadıb:
“Bu o demək deyil ki, Azərbaycan İsrailin Qəzzada etdiklərinə haqq qazandırır. Kimsə bunu deyə bilməz. Şəxsən mənim millət vəkili olaraq, bununla bağlı yazılarım olub. Niyə o soruşmur ki, Ermənistanın Xocalıda törətdiyi qətliama üzvü olduğu, ideyasını daşıdığı partiyanın bir açıqlaması varmı? Bir onu da söyləsin. Bu qədərmi Türkiyəni, islamı çox sevir və sayğıldır. Əgər belədirsə, Qarabağ müharibəsində İran nədən Azərbyacanın yanında deyil də qarşısında oldu? Belə bir açıqlaması varmı? Bu adamlar səmimi deyillər. Belə bir zehniyyət hər zaman bu coğrafiyada yaşayan insanların, millətlərin bir-birilə düşmən olmağının tərəfdarı olub. Bu açıqlama bir şey deyil. Bizdə bir el məsəli var: “milçək bir şey deyil, könül bulandırır”. Könül bulandıranlardır, bunlar. Buna Azərbaycan dövləti də, milləti də getməyəcək. Belə açıqlamalar Azərbaycanı heç narahat etməz. Çünki Azərbaycan-Türkiyə ilə bağı o qədər möhkəmdir ki, onun təmsil etdiyi zehniyyəti, erməni zehniyyəti də buna daxildir. Yenə bir el misalı ilə buna cavab verim: “yel qayadan nə aparar”.