Azərbaycanın İrandakı keçmiş səfiri (1992–1994-cü illər), tarix elmləri doktoru Nəsib Nəsibli İslam Respublikasının ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Azərbaycan-İran əlaqələri haqqında çıxışına reaksiya verib.
Modern.az-ın məlumatına görə, Nəsib Nəsibli Vilayətinin əslən azərbaycanlı olduğu barədə sosial şəbəkələrdə tirajlanan iddiaları rədd edib.
“2006-cı ildə İran dövləti rəsmi “İran” qəzetində türklük şüuru daşıyanlara “həşərat” dedi. O zaman millətimiz 50 gənc qurban verib, “Haray, haray, mən Türkəm!” deyib, öz varlığını qorudu.
İndi ali dini rəhbərin müşaviri Əli Əkbər Vilayəti durub “siz azərisiniz (azərbaycanlısınız), farsa qardaşsınız, hətta elə özümüzsünüz” deyir. Aftafadaşıyanlar da “onun əsli-nəsli Ərdəbillidir” deyə, yalan uydururlar. Yox elə bir şey! Bu, bir zamanlar məqaləsində “Turan da bizimdir, köçəri farsların məskənidir” deyən adamdır”, – Nəsib Nəsibli Əli Əkbər Vilayəti haqda açıqlamasında deyib.
Keçmiş səfir N.Nəsibli bildirib ki, Əli Əkbər Vilayətinin yanlış iddialarla dolu, yanlış tərcümə edilən yazısını düzgün oxumaq lazımdır.
Xatırladaq ki, Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilədək İranın xarici işlər naziri olub. İndi isə o, İran ali dini rəhbərinin beynəlxalq məsələlər üzərə xüsusi müşaviridir.