Azərbaycanın UEFA reytinqində 2022/2023 mövsümünü hansı pillədə başa vuracağı dəqiqləşib.
Avrokuboklardakı son təmsilçi “Qarabağ”ın mübarizəni dayandırması bunda həlledici olub.
Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə məğlub olması xal ehtiyatını artırmağa mane olub. Nəticədə Azərbaycan UEFA reytinqində mövsümü 4,000 xalla, ümumilikdə isə 16,625 xalla 29-cu pillədə yekunlaşdırıb.
Reytinqdə aşağı pillələrdə qərarlaşan ölkələrdən yalnız Moldovanın bir klubu “Şerif” avrokuboklarda çıxışını davam etdirir. Ancaq bu da 32-ci yerdə qərarlaşan moldovalıların (12,250 xal) Azərbaycanı qabaqlaması üçün kifayət etməyəcək.
Qeyd edək ki, UEFA reytinqinə 103,855 xalla İngiltərə başçılıq edir.