Azərbaycanın titullu idmançısı dopinqə görə cəza aldı

Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub.

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq.

Qeyd edək ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Əzizov 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. O, 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.

AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb.

Share: