Hərbçilərimizin peşəkarlıqla həyata keçirdiyi və bir neçə yaşayış məntəqəsinin, strateji yolların nəzarətə götürülməsi ilə nəticələnən əməliyyat Azərbaycan Ordusunun yüksək peşəkarlığından, döyüş hazırlığından xəbər verir. Bu eyni zamanda Azərbaycan Prezidentinin öz ölkəmizin məqsədlərinə çatacağı, bu işdə ölkəmizə heç kimin maneə yarada bilməyəcəyi barədə səsləndirdiyi fikirlərin reallığa çevrildiyinin növbəti təzahürüdür.
Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan torpaqlarına gizli silah daşınmasına və digər qeyri-qanuni fəaliyyətlərə son qoyulacaq: “Ermənistan tərəfi və onun himayə etdiyi separatçı qruplar heç bir perspektivi olmayan revanşçı bəyanatlar verməkdən, müxtəlif ölkələrdəki himayəçiləri tərəfindən səsləndirilən əsassız iddialardan təsəlli tapmaqdansa, gözlərini açıb regiondakı reallıqları görsələr, Azərbaycanın ərazi bütövlüyü, suverenlik və təhlükəsizlik məsələlərində kimsəyə güzəştə getməyəcəyini nə qədər tez anlasalar, bu, bir o qədər onların özü üçün yaxşı olar. Çünki regionda davamlı sülhün əldə olunması, kommunikasiyaların bərpa edilməsi, iqtisadi əməkdaşlığın bərpası və inkişafı son nəticədə Ermənistanın özü üçün yeganə xilas yoludur. Bütün bunların alternativi isə Azərbaycan dövlətinin ölkə Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, nüfuzuna,gücünə və ədalətli mövqeyinə söykənərək sülhü, əminamanlığı, təhlükəsizliyi təmin etməsidir. Bu isə, şübhəsiz ki, Ermənistan üçün daha ağrılı nəticələrə gətirib çıxara bilər”.
Azərbaycanın əldə etdiyi nəticələrdən, təkcə Ermənistanın deyil, bir sıra ölkələrin, o cümlədən qonşu İranın, həm də heç bir tutarlı əsas olmadan narahatlıq keçirdiyini bildirən millət vəkili, rəsmi Tehranın davranışlarının bəzən hətta ultramillətçi erməni təşkilatlarının münasibətindən daha aqressiv olduğunu vurğulayıb: “Deputat həmkarım Fazil Mustafaya qarşı həyata keçirilən terror aksiyasının izinin də İrana doğru aparması, bir daha Tehran rejiminin Azərbaycana olan düşmən münasibətini nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, bu, son dövrlərdə İranın, Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra, Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə qarşı hücuma görə bu günədək heç kəsin cəzalandırılmaması bir daha sübuta yetirir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır”.
Millət vəkili qeyd edib ki, Fazil Mustafa qarşı həyata keçirilən terror aktının Azərbaycanın xüsusi xidmət orqanlarının peşə bayramı günündə, xarici işlər nazirimiz Ceyhun Bayramovun İsraildə səfərdə olduğu bir zaman kəsiyində, həm də İsraildə səfirliyimizin rəsmi açılışından bir gün öncə gerçəkləşdirilməsi bu qanlı cinayətin öncədən planlaşdırılmış bir aksiya olduğunu təsdiqləyir: “Amma heç kim unutmamalıdır ki, Azərbaycanla heç kim təhdid dilində danışa bilməz və bu kimi mənfur cinayətlər Azərbaycan dövlətini və xalqını öz hədəflərindən yayındıra bilməyəcək”.