“Hədəflərimizdən biri də regional şirkətə çevirilməkdir”
“Azərbaycan bazarında beyin məhsullarının dəyəri yetərincə deyil”
“Prosol” kibertəhlükəsizlik şirkətinin rəhbəri Babək Ağayev Milletinsesi.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:
-Kibertəhlükəsizlik şirkətinin yaradılmasına zərurət nədən irəli gəlir?
-Kibertəhlükəsizlik bütün dövlətlər, o cümlədən Azərbaycan üçün milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsidir. Bütün dövlətlər öz milli təhlükəsizliyi ilə bağlı artıq yeni tendesiyalarda planlarını qurarkən, kibertəhlükəsizliyi də bunun bir tərkib hissəsi kimi düşünürlər. Kibertəhlükəsizliyi bir bütün kimi qəbul etsək, onu təmin edən şirkətlər, yəni kibertəhlükəsizlik proveyderləri bu bütün mühüm bir komponenti kimi ortaya çıxır. Beləliklə, kibertəhlükəsizliyin milli təhlükəsizliklə birbaşa bağlı bir məsələ olması və onun təminində yerli şirkətlərin mövcudluğunun əhəmiyyəti Azərbaycanda “PROSOL” kimi milli şirkətinin yaranmasına gətirib çıxardı. Çünki dövlət müəssisələri və özəl şirkətlər öz verilənlərinin təhlükəsizliyini xarici şirkətlərə deyil, yerli şirkətlərə ötürməyi, bu verilənlərin qorunaqlılığının milli şirkətlər tərəfindən təmin olunmasını daha üstün tutur. 2019-cu ildə Şirkətimizin yaradılması ideyasını formalaşadırarkən ölkəmizdə bu istiqamətdə hərtərəfli xidmət göstərən şirkət yox idi, daha doğrusu yerli şirkət yox idi. Biz buna görə də, belə bir şirkət yaratmaq qərarına gəldik. Şirkət yaranandan sonra və bugün bazardan aldığımız reaksiyalar bir daha onu göstərir ki, atılmış addım vaxtında və düzgün idi.
-Yerli qurumlarla əlaqələriniz necədir, sizinlə əməkdaşlıq üçün daha çox özəl şirkətlər, yoxsa dövlət müəssisələri mürciət edir?
-Əslində, kibertəhlükəsizlik həm özəl, həm də dövlət müəssisələrinə lazımdır. Elektron fəaliyyətə sahib hər qurum kibermüdafiəyə və ya kibertəhlükəsizliyə ehtiyac duyur. Çünki internet və şəbəkə üzərindən xaricə açılma imkanı olan hər bir qurumun, eyni formada da, kənardan icazəsiz girişlərə məruz qalma riski var. Bu isə kibertəhdit deməkdir. Buna görə də, biz həm özəl, həm də dövlət qurumlarından müvafiq müraciətlər alırıq. Amma hansının üstünlük təşkil etdiyi barədə müqayisə aparmaq dügün olmazdı. Hazırda bizim həm fəal olaraq xidmət göstərdiyimiz, əməkdaşlılq etdiyimiz, həm də xidmətlə bağlı müvafiq müzakirələr apardığımız şirkətlər, müəsssisələr var. Müraciət edənlər arasında nazirliklər, onların ayrı-ayrı qurumları, müxtəlif dövlət qurumları və dövlət şirkətləri var. Bundan əlavə, banklar, istehsalat müəssisələri, ayrı-ayrı iri və orta bizneslər də xidmətlərimizdən faydalanır. Nəticədə bizim müştəri portfelimizdə kifayət qədər özəl və dövlət qurumları vardır.
-Dövlət tərəfindən kibercinayətkarlıqla mübarizədə təcrübənizdən istifadə olunurmu?
-Biz öz bilik və bacarıqlarımızı, sahib olduğumuz təcrübələri həm dövlət qurumları, həm də özəl müəssisələrlə bölüşürük. Çünki kibertəhlükəsizlik dayanmadan genişlənən, yeni təhdidlərlə dəyişən, daha mürəkkəb hal alan bir məhfumdur. Kibertəhlükəni yaradan “hacker” qrupları daim yeni metodlar, üsullar barədə düşünüb, tapırlar ki, bu da yeni növ hədələr əmələ gətirir. Bu isə daimi təcrübə mübadiləsini şərtləndirir. Biz Türkiyə və İsrailin kibertəhlükəsizlik sənayesi ilə çox aktiv münasibətlərə sahibik, dünyada yaranan yeni növləri və üsullarına dair məlumatları kifayət qədər sürətlə əldə edirik və bunu da müvafiq qaydada fəaliyyətimizdə istifadə edirik. Digər yandan şirkətimiz hansısa kiberhədə faktını aşkarlayanda, bunu müvafiq dövlət qurumları ilə bölüşür ki, gərəkli tədbirlər görülsün.
-Bu il abituriyentlər daha çox birinci qurupa müraciət etdilər. Konkret olaraq İT sahəsi ixtisas seçimində üstünlük təşkil etdi, bununla bağlı gələn il proqnozunuz varmı?
– Ümumiyyətlə, bu özünü sadəcə bu il göstərən nəticə deyil. Artıq bir neçə ildir, ali təhsil müəssisələrinə qəbulda humanitar və dəqiq elmlər arasında dəqiq fənlərin xeyrinə nisbət artır. Bu hər şeydən əvvəl əmək bazarında olan tendensiya ilə bağlıdır. Çünki ixtisaslı İT kadrlarına, informasiya texnologiyaları, rəqəmsallaşma və innovasiyalarla bağlı bilik və bacarıqları yüksək olan tələbələrə ehtiyac artır. Bu isə tələbə olmaq istəyən gənclərimizin bu sahəyə yönəlməsinə səbəb olur. Texnologiya elə bir sahədir ki, heç bir ölkə sərhədini tanımır. Texnoloji sahədə kifayət qədər təcrübəsi, biliyi olan bir azərbaycanlının ölkədən kənarda da iş tapmaq imkanı digər sahənin mütəxəssisləri ilə müqayisədə daha çoxdur. Çünki ixtisaslı kadr və ona yaranan ehtiyac ölkə sərhədlərini və milliyəti tanımır. Bu gün İT sahəsində kifayət qədər uğurlu beyinlər Azərbaycanı tərk edib müxtəlif ölkələrə – ABŞ-a, Türkiyəyə, İsrailə, Polşaya, Estoniyaya, Fransaya, İngiltərəyə, Niderlanda və s. üz tutur. Bu bir baxımdan arzuolunmazdır, çünki yaxşı kadrlarımızı itiririk. Digər yandan isə müsbət haldır, çünki azərbaycanlı kadrların gedib dünya təcrübəsini öyrənməsi, sonra qayıdıb bunu öz ölkəmizdə təqdim etməsi, yaxud ən mütərəqqi tendensiyaların ölkəmizdə geniş yayılması işinə töhfə verməsi mühümdür.
– Zaman-zaman ekspertlər bu sahədə kadr qıtlığı olduğundan şikayətlərnir. Siz bu boşluğu aradan qaldırmaq üçün hansısa təkliflər verirsizmi, yaxud özünüz kadr yetişdirirsiniz?
-Biz biznes təmsilçisiyik. Dolasıyla bizim təklif verməyimiz normaldır. Lakin təklifdən daha çox addım atmağımız daha vacibdir. Biznes öz fəaliyyətində yaradıcı olmalıdır. Kadr çatışmazlığı ekspertlər desə də, deməsə də bir reallıqdır. Biz bunu günlük fəaliyyətimizdə hiss etmişik. Biz PROSOL şirkətini qurarkən bu əziyyəti kifayət qədər hiss etdik. İT sahəsində kadr çatışmazlığı həmişə vardı, bu gün də var. Kibertəhlükəsizlik sahəsində isə kadr, demək olar ki, ümumiyyətlə kadr yox idi. Bu gün kibertəhlükəsizlik sahəsində ən çox kadr yetişdirən ölkə İsraildir, amma orada belə mövcud olan kadr potensialı ilə ehtiyac arasında fərq var. Yəni, tələb təklifdən daha çoxdur. İsrailin bir neçə universiteti, xüsusilə də “Beer-Sheva”, “Technion”, Tel-Aviv kimi universitetləri kiber sahədə kadrları hazırlayıb təqdim etməsinə baxmayaraq, İsrail hələ də kiber kadrların əksikliyindən əziyyət çəkir. Azərbaycanda isə bu daha şiddətli şəkildə hiss olunur. Əvvəllər, Azərbaycanda dövlət qurumlarının və özəl müəssisələrin kiberməlumatlılığı yetəri qədər deyildi. İndi məlumatlılıq artır. Bunun fonunda isə kadr çatışmazlığı daha ciddi problem, hətta çağırış olaraq ortaya çıxır. Biz şirkət olaraq bu problemi 2019-20-ci illərdə kifayət qədər yaşadıq. Biz şirkəti qurub, xidmət vermək istəyirdik. Ancaq bu xidməti verəcək beyinlər, yəni kadrlar lazım idi. Bu problemi həll etmək üçün uzun müddət axtarışda olsaq da, ciddi nəticə əldə edə bilmədik. Bu problemi 2021-ci ilin əvvəli etibarilə həll edə bildik.
Belə ki, biz ilk kiber mütəxəssislərimizi İsraildən gətirdiyimiz mütəxəssislər hesabına hələ 2019-cu ildə hazırlamışdıq. Bu zaman kadr hazırlama məntiqimiz “təlimçini təlimləndir” (“train the trainer”) olmuşdu. Bu, bizə İsraildə mövcud olan bilik və təcrübəyə əsaslanan yerli kiber təlimçiləri yetişdirməyə imkan vermişdi. Daha sonra isə biz bu yerli təlimçilərin səyləri ilə yerli kiber kadrlar hazırlamağa başladıq. İlk olaraq biz bunu dar çərçivədə edirdik və hazırladığımız məhdud sayda kiber mütəxəssislər bazarın ehtiyacından dolayı daha yaxşı təklif ilə başqa müəssisələrə, daha iri şirkətlərə keçirdilər. Nəticədə biz şirkət olaraq bundan əziyyət çəkirdik. 2021-ci ilin əvvəlindən başlayaraq isə biz kiber mütəxəssis hazırlanması prosesini PROSOL nəzdində təsis etdiyimiz Kiber Təlim Mərkəzi ilə reallaşdırmağa başladıq. 2021-ci ilin əvvəlindən 2022-ci ilin 1 iyul tarixinə qədər PROSOL Kiber Təlim Mərkəzi tam təmənnasız əsasda təxminən 50 kiber mütəxəssis hazırlayıb, Azərbaycan bazarına təqdim etdi. Bu, həm də bizim şirkət olaraq ehtiyacımız olan mütəxəssisləri təmin etdi. Başqa sözlə, PROSOL öz kadr problemini öz Kiber Təlim Mərkəzi ilə həll etmiş oldu. Bu gün PROSOL tərəfindən hazırlanan kadrlar ayrı-ayrı dövlət strukturlarına, özəl müəssisə və təşkilatlarda uğurla fəaliyyət göstərir, ölkəmizin kiber ekosisteminin daha da sağlamlaşdırılmasına öz təhfələrini verir.
-Sözügedən proses, yəni Kiber Təlim Mərkəzinin fəaliyyəti ilə bağlı növbəti addımlar və planlar nədir?
-Biz bugün kiber təhsil istiqamətində daha da genişləndirmək üçün addımlar atırıq. Çünki Azərbaycanda kiber ekositemin əsas problemlərindən biri, hətta ən vacib problemi univesitetlərin tələbələrimizin təhsil aldıqları müddətdə yetəri qədər güncəl bilikləri almamasıdır. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Kiber təhsilin əsas amillərindən biri məzmundur. Digər məsələ bu məzmunu dərs olaraq tələbələrə öyrədəcək müəllimlər-təlimçilərdir. Biz bu problemləri nəzərə alaraq və onların effektiv həlli yollarını tətbiq edərək bu ildən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə kiber təhsil verəcək akademik fəaliyyətə başlayırıq. Sentyabrın 20-də ADNSU ilə kibertəhlükəsizlik akademiyasının – “PRO-ACADAMY”-nin rəsmi açılışını edəcəyik. Burada məqsəd ADNSU-nun sahib olduğu tələbə potensialı, müəllim və professor heyəti ilə Şirkətimizin İsrail təcrübəsinə əsaslanan yenilikçiliyini birləşdirməkdir. Bizim burada əldə edəcəyimiz əsas uğur bu iki resursun simbiozunu təşkil edərək ortaya qoyacağımız nəticədir. Yeni akademik mərkəzdə biz tələbələri standart olaraq Azərbaycanda yetişmiş kibertəhlükəsizlik tələbələrindən bir neçə pillə yuxarı qaldırmağı planlaşdırırıq. Biz bu uğuru artıq indiyə kimi təxminən 50 kadr yetişdirməklə sübut etmişik. Bunu bu gün ADNSU ilə birlikdə etmək bizə əlavə dəyər qazandıracaq. Çünki ADNSU sahib olduğu əsrlik təhsil təcrübəsi ilə ölkəmizin ən mühüm akademik ocaqlarından biridir. Bir faktı da qeyd edim ki, bizim hazırladığımız təxminən 50 kadrın, PROSOL Şirkətində olan kiber mühəndislərin 60 faizdən çoxu ADNSU-nun tələbələridir. Dolayısı ilə bir yeni Akademiya ilə onsuz da var olan bir prosesi rəsmiləşdiririk.
-ADNSU ilə əməkdaşlıq etdiyiniz kimi başqa universitetlərlə də əməkdaşlıq etməyi planlayırsınız?
– Artıq ADNSU və Dövlət Gömrük Komitəsinin Akademiyası ilə aramızda Anlaşma Memorandumları imzalanmışdır. Akademiyanın formalaşması da imzalanmış bu sənədlərin əməli addımlarla dəstəklənməsidir. Burada ADNSU rektoru cənab Mustafa Babanlının və mənim niyyətim dar çərçivədə tələbə kontingentinə hesablanmayıb. Bizim məqsədimiz Azərbaycanda kiber ekosistemə faydalı olacaq addımlar atmaqdır. Digər universitetlərin tələbə potensialından istifadə etməyi, təbii ki, düşünürük. Bunun üçün universitetlərin də əməkdaşlığa açıq olması vacibdir. Biz əməkdaşlığa açığıq və bu prosesin ən qısa müdətdə geniş vüsət almasını arzu edirik.
-Xaricdə bu kibertəhlükəsizlik sahəsində sürətli dəyişikliklər olur. Şirkət bununla ayaqlaşa bilir?
-Az əvvəl də dediyim kimi bizim İsraildə mövcud olan kibertəhlükəsizlik şirkətləri ilə əlaqələrimiz dünyada baş verən kiber trendləri çox yaxından izləməyimizə imkan verir. Bunu birbaşa və dolayı yolla da izləyə bilirik. Sahib olduğumuz beyin komandası, yüksək ixtisaslı kiber mühəndislər və təbii ki, beynəlxalq əlaqələr bizə dünayda olduqca sürətlə dəyişən reallıqlara adaptasiya olmağımıza imkan verir.
– Hazırda dünyada kibertəhlükəsizlik sahəsi digər sahələri gəlir baxımdan üstələyir. Azərbaycan bazarında vəziyyət necədir?
– Azərbaycan bazarındakı vəziyyət dünya bazarındakı vəziyyətdən fərqlidir. Bunun bir neçə səbəbi var. Birinci səbəb, Azərbaycanda kibertəhlükəsizlik ilə bağlı məlumatlılığın dünyanın digər ölkələrində olan məlumatlılıqla müqayisədə aşağı olmasıdır. İkinci səbəb, Azərbaycanda bu sahəyə yanaşmada doğru olmayan elementlərin olmasıdır. Azərbaycan bazarında kibertəhlükəsizliklə bağlı xidmətlərə ehtiyac duyan qurumların heç də hamısı kibertəhlükəsizliyin “qızıl üçbucağı”nı doğru dəyərləndirmir. “Qızıl üçbucaq” insan, texnologiya və proseslərin vəhdətidir. Təəssüf ki, əksər müəssisələrdə sadəcə olaraq texnoloji vendorlardan müxtəlif bahalı həlləri, məhsulları alıb quraşdırmaqla kibertəhlükəsizlik təmin olunacağı barədə fikir formalaşıb. Bu tamamilə səhv fikirdir. Texnologiya insan beyni olunmadan heç bir işə yaramır.
Azərbaycan bazarında beyin məhsullarının dəyəri yetərincə deyildir. Bu gün siz əllə toxunula bilən bir texnologiyanı çox ciddi məbləğlə təqdim etdiyiniz halda şirkətlər bunu almaqda tərəddüd etməyə bilir. Lakin doğru texnologiya ilə doğru arxitektur yanaşmanı qurmaq üçün təklif olunan beyinə və beyin xidmətlərinə pul ödəmək məsələsində müəssisə rəhbərlərinin heç də hamısı qərarlı ola bilmir. Başqa sözlə, kibertəhlükəsizlik mühəndisi beyninin məhsulu olan həlli ciddi bir qiymətə satmaq istədikdə Azərbaycandakı şirkət rəhbərləri, qərarverici şəxslər tərəddüd edir. Xüsusilə də bu beyin məhsulu öz milli kadrlarımızın əməyi olaraq ortaya çıxanda gərəkli dəyəri, çox təəssüf ki, görmür. Qısacası, biz ölkəmizdə özümüzə, öz beyinimizə kifayət qədər inanan, güvənən müəssisələri və müəssisə rəhbərlərini çox nadir hallarda görə bilirik. Bu da yerli həlləri, milli məhsulunun yarada biləcək beyinlərimizin köçünə, ölkəmizdən getməsinə səbəb olur. Çünki Amerikada, Avropa ölkələrində, İsraildə, Türkiyədə beyinə verilən qiymət daha üstündür. Azərbaycanın isə sürətli inkişaf üçün daha çox beyinlərə ehtiyacı var, var olanları itirməyə deyil.
– Yəni Azərbaycanda kibertəhlükəsizliklə bağlı oturuşmuş fikir qanedici deyil?
– Hələ ki yox. Hətta qanedici olmaqdan hələ ki, uzaqdır.
– Dünyada Kibertəhlükəsizlik sahəsində tanınmış azərbaycanlı var?
-Mən bildiyim qədəri ilə dünyada kibertəhlükəsizlik sahəsində tanınmış azərbaycanlı yoxdur.
– PROSOL Şirkəti bu gün özünü ölkədə və regionda harada görür?
– Şirkət rəhbəri olaraq mənim Prosolun Azərbaycanda ən güclü şirkət olduğunu deməyim düzgün çıxmaz. Ona görə də, sadə formada deyə bilərəm ki, ən güclü şirkətlərdəndir. Nə Cənubi Qafqazda, nə də Xəzər regionunda yerləşən beş Mərkəzi Asiya ölkəsində kibertəhlükəsizlik sahəsində ölkələrin sahib olduğu göstərici o qədər də yüksək deyil. Bu yüksək olmayan göstəricilər arasında Azərbaycan öz göstəriciləri ilə müqayisədə qənaətbəxşdir. Azərbaycan şirkəti olaraq biz gələcək hədəflərimizdən biri də regional şirkətə çevirilməkdir. Kibertəhlükəsizlik xidmətləri təqdim edən şirkətlərin milli sərhədlər kimi bir dərdi yoxdur. Texnologiyalar öz həllini uğurlu təqdim edə bilirsə, hər yerə açıla bilər. PROSOL şirkətinin də regionla bağlı niyyətləri vardır. Bunu təmin etməyin ən effektiv yolu isə Şirkətin özünə aid həllinin və məhsullarının olmasıdır. Bizim şirkətin tərkibində artıq araşdırma və inkişafetdirmə (R&D) mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda açacağımız “PRO-ACADEMY” də bu araşdırma və inkişafetdirmə mərkəzinin güclənməsini təmin edəcək. PROSOL şirkəti artıq konkret olaraq məhsullar üzrə işləyir.
– Gələcək planlarınız barədə məlumat verərdiz, dünyaya da açılmağı planlaşdırırsınız?
– Dünya özlüyündə kifayət qədər açıldığı üçün sizin açılıb-açılmamağınızı gözləmir. Uğurlu məhsulumuz olduqdan sonra həmin məhsulu dünyanın müxtəlif ölkələrində müvafiq tərəfdaşlıq münasibətləri qurub satışa çıxardıqda dünyaya açılmış olacağıq. PROSOL olaraq biz bunu qeyri-mümkün, uzaq hədəf olaraq görmürük. Bir neçə ildən sonra biz konkret məhsullarımız ilə bu məqsədlərimizi reallaşdırmaq niyyətindəyik. Biz artıq 5 ildən sonra öz məhsulumuz ilə tanınacağıq. Bununla da, həmin məhsulu yaradan azərbaycanlı kibermühəndislər dünyada tanınacaq.