Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Modern.az-ın suallarını cavablandırıb. Diplomat Ukraynada davam edən müharibə ilə bağlı son durum, azərbaycanlıların müraciətləri və digər aktual məsələlərə aydınlıq gətirib.
Müsahibəni təqdim edirik:
– Xarkov vilayəti Ukraynada azərbaycanlıların daha çox yaşadığı bölgədir. Həmvətənlərimizlə işi necə qurmusunuz, son vaxtlar konsulluğa müraciətlər hansı isiqamətdədir?
– Xarkov vilayəti azərbaycanlıların geniş yaşadıqları yerdir. Burada həm daimi yaşayırlar, həm də universitetlər şəhəri olduğu üçün tələbələrin sayı da çoxdur. Bizim konsulluğun fəliyyətinə gəldikdə isə konsulluq Ukraynanın altı vilayətini əhatə edir. Bu vilayətlərdən son üç ayı nəzərə alsaq, bizə daxil olan müraciətlərin çoxu sənədlərlə bağlıdır. Vətəndaşların bir çoxu sənədlərin dəyişdirilməsi ilə bağlı müraciət edir. Amma digər məsələlərlə bağlı müraciətlər demək olar ki, yox səviyyəsindədir.
– Ukraynada müharibə bir ilə yaxındır ki, davam edir. Müharibə səbəbindən minlərlə azərbaycanlı Ukraynanı tərk etməyə məcbur qaldı. Onlardan bir çoxlarının geri qayıtdığı deyilir. Hazırda vəziyyət necədir?
– Geri qayıdanlarla bağlı nə bizdə, nə də şəhər administrasıyasında statistika var. Biz bununla bağlı noyabr, dekabr ayında məlumat almaq üçün maraqlanmışdıq. Amma müşahidə edilən odur ki, son zamanlar qayıdan həmyerlilərimizin sayı çoxdur. Həmin şəxslər uzun zaman burada yaşayanlar, iş əlaqələri olanlardır. Qayıdanlar üçün hər hansı məhdudiyyətlər yoxdur. Amma məsləhət var ki, evləri dağıntı vəziyyətində olanlar hələ qayıtmasınlar. Birinci növbədə qışı nəzərə almaq lazımdır. Burada qış çox sərt keçir, həmçinin bərpa işləri hələ ki getmir. Bunları nəzərə alsaq, qayıtmamağı məsləhət görürlər. Lakin evləri dağınıq vəziyyətdə olmayanlar qayıda bilərlər.
– Ukraynada müharibə vaxtı azərbaycanlının evlərinə və obyektlərinə dəyən ziyanla bağlı hansı siyahı varmı? Dəymiş zərərlə bağlı konsulluğa müraciətlər olurmu:
– Dağıdılmış evlər və obyektlər barədə təkcə azərbaycanlılarla bağlı yox, ümumi bir siyahı var. Onların içərisində bizim azərbaycanlılar da yer alır. Təbii ki, bərpa işləri aparılanda onlar da nəzərə alınacaq.
– Bəs, Xarkov vilayətində son durum necədir? Xalq müharibə haqqında nə düşünür?
– Xarkovda ümumi vəziyyət normallaşmaq üzrədir. Artıq çox adam öz işinin başına qayıdır. Ümumiyyətlə, gün ərzində şəhərdə raket zərbələri, həyacan siqnalları çalınır, amma başqa məhdudiyyət yoxdur. Deyə bilərik ki, həyat əvvəlki axarına qayıdır. Hamı çalışır ki, dayanmış işlərini bərpa etsin.
– Ukraynada müharibəyə qoşulan azərbaycanlılar da var. Onlar arasında həlak olan və yaralananların statistikası aparılırmı?
– Xəsarət alanlar haqqında məlumatımız var. Amma hazırda konkret olaraq Xarkov xəstəxanasında xəsarət alan azərbaycanlının olması barədə məlumat almamışıq. Bir nəfər etnik azərbaycanlının Sumi vilayətində xəsarət alması ilə bağlı məlumat aldıqda mən şəxsən onun yanına getmişdim. Ondan da soruşmuşdum, dediyinə görə, onun döyüşdüyü ərazidə azərbaycanlı olmayıb. Digər vilayət xəstəxanalarında da xəsarət alan azərbaycanlılar var. Onlara dövlət tərəfindən qayğı göstərilir. Eyni zamanda həlak olan azərbaycanlıların ailələri ilə də kontaktlar qurulur.