Azərbaycanlıların olduğu düşərgə karantinə alındı

Almaniyanın Saksonya-Anhalt əyalətinin Halberstadt şəhərində sığınacaq almaq üçün ölkəyə gəlmiş 850 nəfərin qaldığı düşərgə karantinə alınıb.

Milletinsesi.az xəbər verir ki, Halberstadt Polis Təşkilatından Report-a 27 yaşlı şəxsin Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verdiyi və nəticəsinin pozitiv çıxdığı bildirilib. Bundan sonra Halberstadt bələdiyyəsi və şəhər səhiyyə təşkilatı 3 binadan ibarət olan və 850 sığınacaqaxtaranın qaldığı düşərgəni karantin altına alıb.

“Səhər polis əməkdaşları gəlib bütün giriş-çıxışları bağladılar. Daha sonra düşərgə işçilərinə xüsusi geyimlər paylanıldı. Az sonra məlum oldu ki, transfer edilən bir nəfərdə koronavirus tapılıb. Bu səbəbdən qaldığımız düşərgə karantin altına alınıb”, – deyə düşərgədə qalan azərbaycanlılardan biri bildirib.

Onun sözlərinə görə, qaçqın düşərgəsində ondan başqa daha 18 azərbaycanlı var: “Onlardan altısı Azərbaycana deportasiya ediləcəkdi. Koronavirusa görə Almaniya bütün deportasiyaları təxirə saldı”.

Halberstadt Şəhər Səhiyyə İdarəsi isə düşərgə işçilərinin də koronavirusa yoluxa biləcəyini düşünür. Bu səbəbdən işçilər hissə-hissə virus testi üçün şəhər xəstəxanasına aparılacaqlar.

 

Share: