Az yaşadı, amma çox yaratdı

XX əsrAzərbaycan ədəbiyyatının mötəbər nümayəndələrindən sayılan duyğulu, axımlı, rübabi şeir və epik-lirik poemaları, dramatik səhnə əsərlərilə yaddaşlara həkk olan,  Əməkdar incəsənət xadimi, şair-dramaturq, tərcüməçi, publisist İslam Səfərlinin ömür  taleyi qısa olsa da, yaradıcılıq taleyi uzundur.  İslam Səfərli  zəngin yaradıcılıq irsinə malikdir və müxtəlif ədəbi janrlarda dəyərli əsərlər yaradıb. Ölməz şair az yaşadı, amma çox yaratdı, sözü-söhbəti  könülləri  fəth etdi,  cavan ikən ömrü qanlı-qadalı müharibədə keçdi, mübbariz əqidəsilə, zəngin, ehtiraslı poetik ruhuyla ədəbiyyatımızın İslam Səfərli məqamını yaratdı.

Coşqun və təlatümlü Xəzər, mavi gözlü Göygöl, yaşıl ormanlı Batabat, ucu-bucağı görünməyən Talış meşələri, məcrasına sığışmayan dəli Kür, bol meyvəli Ordubad bağları, bərəkətli Şərur çölləri, muğamatlı, sinəsi nəğməli, qənirsiz Qarabağ torpağı şairin məcrasına sığmayan ilham mənbəyi olub. Böyük şair bu füsünkar yerləri qarış-qarış gəzmiş, dolanmış, bu yerlərin yar-yaraşığından vəcdə gəlmiş və özünün zəngin, mənəviyyatlı poetik dünyasını yaratmışdı…

İslam Səfərli poeziyasının ruhu-canı, mayası, bədii siqləti başdan-başa  Azərbaycan motivinə bağlıdır. «Sənə nənəm qurban, Azərbaycanım!», “Kürüm-Arazım qoşa çayımdır, Azərbaycanım günüm – ayımdır”, “Mən də qızıl şahinəm, Aranlıyam, dağlıyam! Ulu əcdadım kimi, Torpağıma bağlıyam. O olum beşiyimdir, O ölüm beşiyimdir!…”, – deyən şairin könül dəftəri vətən Azərbaycandır…

   
İslam Səfərli milli ruhlu, milli təfəkkürlü, milli əqidəli, rübab piyaləsi səmimiyyətlə limhalim şairlərimizdəndir. İslam Səfərli irsi az tədqiq olunub və bu istiqamətdə əsaslı, geniş filoloji spektirdə araşdırmaların aparılmasına, yaradıcılığının müxtəlif aspektlərdən təhlil-tədqiqinə əşədi ehtiyacı var.

  
Şairin olduqca maraqlı yardadıcılıq yolu, ədəbi şəxsiyyəti və ədəbi taleyi olub.

   
İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib.  O, 416-cı Taqanroq diviziyasının tərkibində Berlinə qədər şanlı, kəşfiyyatçı döyüşçü yolu keçib,  İkinci Dünya müharibəsi başa çatandan sonra ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib…    

   
İslam Səfərli ədəbi yaradıcılığa 17 yaşında başlayıb. “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata!”, “Qoşa söyüd”, general-mayor Həzi Aslanova həsr ediyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri şairin müharibənin hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranıb. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı”, “Leylək əfsanəsi”, “Ekizlər-ögəylər” və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, dövrün dəyərli ədəbi faktlardan olmuşdu…

 
İslam Səfərlinin  “Ələsgər” poeması aşıq sənətinin ustadı Aşıq Ələsgərə həsr edilmiş ilk epik-lirik poemadır. Poema 1959-1962-ci illərdə yazılıb. Şair bu poemanı yazarkən bütün Göyçə mahalını qarış-qarış gəzmiş, aşığın şagirdləri, müasirləri ilə söhbət etmişdi. Ona görə də “Ələsgər” poeması fərdi tərcüməyi-haldan kənara çıxan bütöv bir dövrü, onun ağlı-qaralı günlərini, buxovlanmış sevgisinin iztirablarını göstərən bir əsərdir…

   
Bu poemada aşıqlar yurdu Göyçə mahalı, aşığın sazı və sözü ilə məclislər yaraşığı olduğu, onun yaşadığı acılı-şirinli günlər, illər poetik əksini tapıb. İslam Səfərli bu qənaətdədir ki, dünyaya çox aşıqlar gəlib-gedib, lakin Ələsgər sazı və sözü ölməzdir. Əsrlər keçəcək, nə qədər ki, dünya durur Aşıq Ələsgər yaşayacaqdır:

   

Yüz il dövran sürən Aşıq Ələsgər

Min-min məclislərə yaraşıq oldu.

Çoxları saz tutub gəlib-getdilər

Tək şair Ələsgər xas aşiq oldu.

Əsrinin ən məğrur dağlar qartalı

Əski bir dünyanı məzara gömdü.

Aşıqlar Vətəni Göyçə mahalı

Çiçəyi sayrışan gülzara döndü.

Əlində telli saz, əlində vüqar,

Ağ günlər eşqinə coşdu Ələsgər,

Dünyada necə ki, saz var, şeir var,

O da yaşayacaq dünyalar qədər!..

Bir-birindən maraqlı poeziya nümunələri ərsəyə gətirən İslam Səfərlinin bədii obrazlılığı ilə seçilən poeziyası bitkin bir vətənpərvərlik nümunəsidir və bu poeziyada azərbaycançılıq sevgisi, ana yurdu Naxçıvan tematikası başlıca ədəbi-estetik xəttdir.

  
Şairin yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Onun “Naxçıvan”, “Payız meşəsi”, “İki küçə, iki ad”, “Batabat bulağı” və başqa şeirləri doğma yurdun təbiətini təbii lövhələrlə əks etdirən nümunələrdir…

 
Xalq şairi Məmməd Rahim onun yaradıcılığının Naxçıvan tematikasını yüksək qiymətləndirərək yazırdı: “İslam Səfərli anadan olduğu, böyüyüb boya-başa çatdığı yerləri özünə xas olan səmimiyyət və istedadla qələmə alır, oxucularda bu yerlərə maraq oyadır. Bu şeirləri oxuyan adam sanki Naxçıvanı seyrə çıxır. Şair Naxçıvanın “Gəlin daşı”nı, “Batabat”ını, “Xal-xal meşəsi”ni, gecə-gündüz Vətəni qoruyan sərhədçinin düşüncələrini tərənnüm edir. Şair, doğma Naxçıvanı hədsiz bir məhəbbətlə sevir”.

Bu regional məhəbbət deyildi, bütöv Azərbaycan məhəbbəti idi və “Ey axarlı, ey baxarlı, ey gülzarlı Naxçıvanım”,  “Mənim barlı Naxçıvanım, Xoş baharlı Naxçıvanım” – deyən şairin bu məhəbbətinin mahnı şirinliyində möhtəşəm bir nümunəsi:
 

Bulaqların bir səmtədir axarı,

“Salvartı”nın xoş görünür baxarı,

Biçənəkdən at səyirdib yuxarı,

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

…Vüqarlıdır zirvələrin, qaşların,

Üzə gülür qayaların, daşların.

Mən İslamam, öz səsimi quşların

Nəğməsinə qata-qata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

Və yaxud, ona ilham verən, şeir çələngi bəxş edən dədə-baba, ana yurda ibadətin,  ehtiramın başqa bir nümunəsi:
 

Vurulduqca bu sevimli yurda mən,

Rübabımı kökləmişəm burda mən.

Mənə şeir çələngini bəxş edən,

Yaraşıqlı bir məkana gəlmişəm.

Ovçu kimi mən dolana-dolana,

Qalxıb Araz qırağından bu yana.

Baba yurdum gözəl Nəqşi-cahana,

– Ana yurdum Naxçıvana gəlmişəm.

“Xan Arazın sahilində” silsiləsindən “Gəlmişəm”, “Naxçıvanım”, “Qızlar bulağı”, “Naxçıvan yadigarı”, “Gilan şəhəri haqqında ballada”, “Gəlin daş”,“Qonağıyam”,“Batabat bulağı”, “Badamlı”, “Xal-xal meşəsi”, “Naxçıvanın duzu, qızı, qarpızı”, “Səməd Vurğun gedən maşında mən” qəbildən rubabi şeirlərində İslam Səfərli “Dədə yurdu”nun poetik xəritəsini çəkir, oxucusunu Ordubada, Şahbuza, Ölən şəhərə, Piyaz dağına, Şərurun göy tarlalarına, Arpa çayı boyuna, Sədərək kövşəninə, Xal-xal meşəsinə, Badamlı bulaqlarına aparır, Şada çayın körpüsündən keçirir, Pətəklinin qüzey qarına tamaşa etdirir, Şahbuzun daha yuxarı tərəflərinə qaldırır, at üstə “Qanlı göl”ə çıxardır, “Sərt dərə”də gecələyirik, “Toğlu Qaya”da toğlu kəsirik, “Plov təpə”də bardaş qururuq, su yerinə alov paylayan “Çınqıllı”dan keçirik, “Yelli yurd”da kəhərlərə çapar oluruq,  “Keçəl dağ”ın, “Kələfli dağ”ın tamaşasına dururuq… Bax, budur poeziyanın ecazı, şair fəhmi və istedadı, yurddaş məhəbbəti…

İslam Səfərlinin şeirlərinin mövzusu rəngarəngdir, bu şeirlər onun üçün mənəvi ehtiyac və könül çırpıntılarının ifadəsidir. Bu şeirlər ana laylası qədər şirin, zərif və həzindir. Bu şeirlərdə elinə, obasına, xalqına olan məhəbbət, obrazlılıq, dil səlistliyi, poetik ifadə tərzi və şeir üçün lazım olan nə varsa öz əksini tapıb. Onun şeirləri o qədər yığcam, düşünülmüş, sadə bir dildə, şirin bir ləfzdə yazılıb ki, sanki bir misranı çıxarsan bütün gözəlliyə xələl gətirə bilərsən. Çünki bu şeirlər axıcılığı, sözlərin düzümü bir-biri ilə əriş-arğac təşkil edir.

 
Onun şeirləri lirik janrın müxtəlif vəznlərində təqdim olunsa da, əsasən, heca vəznində yazan görkəmli şair, hətta “Heca vəznliyəm mən” adlı ayrıca bir şeirində bu vəznə sədaqətini, məftunluğunu bəyan edir:

Musiqi kimi incə,

Zərif bir bəstədir söz.

Nə vəzndə – hecada,

Nə də sərbəstdədir söz,

Layla sevən körpətək

Qulağı səsdədir söz.

Azərbaycan şeritək

Qoca vəznliyəm mən;

Minbir bulaq axarlı

Heca vəznliyəm mən!

…Xalqa mehriban olan,

Hər obaya yovuşan.

Sözü dumanlı deyən

Bir çən olub sovuşar.

Eli sevən sənətkar

Eldən-elə qovuşar.

Azərbaycan şeritək

Qoca vəznliyəm mən.

Minbir bulaq axarlı

Heca vəznliyəm mən!

…Yüz illərdir yaşayır

Qurbani, Yanıq Kərəm.

Bu yollarda əzəldən

Mən də yanar ülkərəm.

Dil bilməyən şairi

Mən yeddi qat bükərəm.

Azərbaycan şeritək

Qoca vəznliyəm mən;

Min bir bulaq axarlı

Heca vəznliyəm mən!

Şairin güclü, romantik pafoslu şeirlərində çox dərin bir səmimiyyət duyulur. Bu şeirlərdəki şirinliyin, axıcılığın əsas səbəbi də şairin özünün dediyi kimi, poetik ruhuna arxalanması idi…

 
İslam Səfərli yaradıcılığına şifahi xalq ədəbiyyatından süzülüb gələn detallar, folklorizmlər, bayatı, gəraylı, qoşma janrları onun poeziyasında mojor, nikbin ahəngdarlıq yaradır. Belə ki, gündəlik danışığımızda işlətdiyimiz bir çox atalar sözləri, məsəllər, qısa, ibrətamiz rəvayət və hekayətlər şairin əsərlərində poetik müstəvidə, yeni məna çalarları kəsb edərək oxucuya təqdim olunur. Ordubad rayonunun Unus kəndi ərazisindəki Gəlindaşla bağlı əfsanə, Qız qala, Oğlan qala əfsanəsi, Xaraba Gilan şəhəri haqqında yayılmış əfsanələr şairin şeirlərində poeziyanın mövzusu kimi  istifadəsi maraqlı ədəbi faktlardandır…

 
Beləliklə, İslam Səfərli yaradıcılığında xalq şeir formalarına müraciət və uyarlıq, şairin bunlardan ustalıqla, yaradıcı şəkildə istifadə etmək bacarığı, xalq dilinə məhəbbət onun poeziyasının əsas xüsusiyyətlərindəndir və oxucular tərəfindən sevilməsinin əsas meyarlarındandır…

 

İslam Səfərli yaradıcılığı özünün mövzu, məzmun və sənətkarlıq xüsusiyyətlərinə görə xüsusi əhəmiyyətə malikdir. Şair müxtəlif məzmunlu əsərlərində özünəməxsus yol seçərək vətənin gözəlliklərini, xalq adət-ənənələrini, milli dəyərlərini və sair tanıtmağı və təbliğini estetik xətt kimi ortaya qoyur. Onun geniş və zəngin yaradıcılığı “Ana – vətən”, “laylay şirinliyində dil” vəhdətində Azərbaycanı təqdim edir, xalqın zəngin mənəviyyat və əxlaq ucalığını göstərir…

   
İslam Səfərlinin səmimiyyətlə mayalanıb yoğrulmuş şeirlərində sözlər sanki adilikdən çıxır, poetik hüsn qazanır. Burada Xəzərin ləpələri pıçıldaşır. Burada Vətən də, onun təbiəti də tam bir poeziyadır, zərifdir və gözəldir. Odur ki, həmin sözlərə neçə-neçə mahnılar yazılıb və onların da bir çoxu əbədiyaşardır. Lirik duyğular şairinin sözlərinə bəstələnmiş bu nəğmələri bəzəyən şeriyyət şirinlik, axıcılıq və poetik gözəllik bütövlükdə onun lirik şeirlərə xas olan bir cəhətdir…

   
Diqqətə çatdırım ki, 200-dən artıq şeirinə musiqi bəstələnməsi İslam Səfərlini nəğməkar şair kimi tanıtmışdır. Sözlərinin müəllifi olduğu “Bakı, sabahın xeyir”(mus. E.Sabitoğlu), “Bir könül sındırmışam”(mus. R.Mirişli), “Pıçıldaşan ləpələr”(mus. A.Babayev),  “Ağ xalatlı həkimlər”(mus.C.Cahangirov), “Nazəndə sevgilim yadıma düşdü” (mus. A.Babayev), “Buludlar” (mus. C.Cahangirov), “Arzu”(mus. Maestro Niyazi), “Nə vaxta qaldı” (mus. Q. Hüseynli), “Ana” (mus. C.Cahangirov), “Ay, öpüşən dalğalar” (mus. R. Mirişli) , “Bakili qız” (mus. A. Babayev),  “Aylı gecələr” (mus. A. Babayev), “Bağçamıza gəldi bahar” (mus. S.Rüstəmov), “Ey ala göz sevgilim” (mus. A. Rzayeva), “Zəriflik”(mus. C.Cahangirov), “Həkim qız”(mus. S.Rüstəmov), “Ay qaşı, gözü qara qız” (mus. A.Babayev), “Çıx yaşıl düzə…” (mus. A.Məlikov), “Ağ şanı, qara şanı” (mus. C.Cahangirov) qəbildən mahnılar həmişə sevilə-sevilə dinlənilir, toyların, məclislərin, bayramlaın növrağına çevrilir…

 
Onun mahnılarını Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Müslüm Maqomayev, Zeynəb Xanlarova, İslam Rzayev,  Flora Kərimova, Sibel Can, Muazzez Ersoy, Yalçın Rzazadə, Brilyant Dadaşova, Yaşar Səfərov, Oguz Aksaç, Akif İslamzadə, Nərminə Məmmədova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Elnarə Abdullayeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Azər Zeynalov,  Nadir Qafarzadə, Aygün Bəylər, Elton və digərləri kimi sənət korifeyləri, tanınmış, məşhur müğənnilər ifa etmişlər və indi də etməkdədirlər. Ekran-efirdə elə bir gün olmur ki, İslam Səfərlinin sözlərinə yazılmış mahnılar ifa olunmasın…   
İllər boyu Azərbaycan radio-efiri hər səhər Şövkət Ələkbərovanın məlahətli, ipək ifasında onun “Bakı, sabahın xeyir” ( mus.Emin Sabitoğlu) mahnı mətni ilə başlayır, hər səhər İslam Səfərli xalqını “Sabahın xeyir!”,– deyərək salamlayır, uğurlayır…

 
Təkcə bircə ədəbi-mədəni fakt sübut edir ki, İslam Səfərli əbədiyaşar sənətkardır. Nə qədər ki, Azərbaycanın Xarı bülbül səsli sənətkarı Rəşid Behbudovun ifasında könülləri fəth edən, əbədiyaşar  “Ana” mahnısını xalq sevə-sevə dinləyir, o zaman bu mahnının müəllifi, poetik mətnin fatehi İslam Səfərli də əbədən yad ediləcəkdir… Şair bica yerə “Oxu, Rəşidim, oxu” şeirində yazmamışdı:  “…Səsin bülbül, Ürəyin güldür, Ay Rəşid! Oxu, əziz Rəşidim, Sən oxu, Mən eşidim, Rəşidim! Səsi bahar Rəşidim, Rəşidim!”.

“Səsi bahar Rəşidin”  ifası efirdən vəhyanə şəkildə qeyibdən gələn səs təkin qulağımızda səslənir: “Nə ki arzu kamın var, Qəlbimdə tutmuş qərar. And olsun sana, can ana. Qədrini el bilir, ətrini gül bilir, Saçının ağına, qarasına qurbanam. Könlünün o həzin laylasına qurbanam, Əziz ana”.

  
Təsadüfi deyildir ki, əsrarəngiz ecazına görə şairin şeirlərinə bəstələnmiş əksər mahnılar Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin qızıl fondunu təşkil edən əsərlər sırasında yer alıb, klassikaya çevrilib, dillər əzbəri olub və indinin özündə də sevilə-sevilə dinlənilir…

     
İslam Səfərli həm də, olduqca istedadlı dramaturqdur və onun dəyərli dram əsərləri, pyesləri bunun  aşkar sübutudur. Onun pyesləri uzun müddət Azərbaycan teatr səhnələrində tamaşaya qoyulmuş və maraqla qarşılanmışdır. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı “Xeyir və Şər”in motivləri əsasında yazdığı eyniadlı beşpərdəli mənzum dram əsəri ilə dramaturgiyaya qədəm qoyan İslam Səfərli sonralar “Göz həkimi” (ilk variantda “Ağ xalatlı qız” adlanıb), “Ana ürəyi”, “Yol ayrıcında”, Yadigar”, “Dar ağacı”, “Dədəgünəş əfsanəsi”, “Qış sarsıntısı” təkin pyeslər, “Qayın arvadı-xayın arvadı” komediyasını yazmış,  həmin əsərlər ötən əsrin 60-70-ci illərində Bakı, Sumqayıt, Ağdam, Lənkəran, Şəki və Naxçıvan teatrlarının səhnələrində, dram dərnəklərində nümayiş etdirilmiş, geniş əks-səda doğurmuş, onların bir çoxunun əsasında radio-tamaşalar hazırlanmışdır. “Göz həkimi” pyesi əsasında eyniadlı məşhur film-tamaşa çəkilmişdir. “Ana ürəyi” (4 pərdə 6 şəkilli dram, 1961)  “Dar ağacı” (1966), “Yol ayrıcında” (1973)  pyesləri çap olunmuşdur…

   
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun “İki qardaş” (1950), “Badamlı kəndinin qızı” (1955) oçerkləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkəli itki” (1973) novellaları, “İki könül bir olanda” (1947) balet-librettosu, “Şərqin qalibləri” (1960), “Bir stəkan çay” (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.

 
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A. S. Puşkin, M. M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və bu kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmiş, “Şərq qapısı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti”ndə səmərəli fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, ədəbi-dram verilişləri şöbəsinin müdiri olmuş, 1960-1973-cü illərdə isə Azərbaycan Yazıçılar İttifaqının poeziya və dramaturgiya bölməsində çalışmışdır.

  
İslam Səfərli bu az yaşında və zəngin ömürlüyündə müxtəlif dövlət mükafatlarına və təltiflərinə layiq görülüb. O, “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına (21 mart 1973); 3-cü dərəcəli “Şöhrət” ordeni (6 avqust 1943); “İgidliyə görə” medalı (3 yanvar 1944); “Qafqazın müdafiəsinə görə” medalı (1 may 1944); “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (9 may 1945);  “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı (6 iyun 1945); “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (1965) ilə təltif edilmişdir…  

İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmi-tankerinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi – xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib…

      
İslam Əhməd oğlu Səfərli 6 noyabr 1974-cü ildə, uzun sürən xəstəlikdən sonra,  51 yaşında əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.

  
İslam Səfərli Səməd Vurğun ədəbi məktəbinin ən istedadlı və məhsuldar, bu məktəbə sadiq nümayəndəsidir. Taleyi də bunu sübut edir, ustadıdından cəmi bir il çox yaşasa da, yaradıcılığı mənsub olduğu poetik məktəbin bütün parametrlərini inkişafına xidmət edib, produktivliyi ilə fərqlənib, onun hələ sağlığında 18 kitabı, yüzlərlə şeirləri, xeyli pyesləri, məqalələri, haqqında görkəmli sənət adamlarının məqalələri işıq üzü görüb.

 
Yeri gəlmişkən xatırladım ki, Süleyman Rüstəm, Məmməd Rahim, Mir Cəlal Paşayev, Cəfər Cəfərov, Pənah Xəlilov, Əkbər Ağayev, Bəkir Nəbiyev, Famil Mehdi,  Əlfi Qasımov, Adil Babayev, Qulu Xəlilov, Qabil, Sadıq Şükürov, Novruz Gəncəli, Tofiq Mütəllibov, Vaqif Səmədoğlu, Hüseyn İbrahimov, Abbas Zamanov, Tofiq Bayram, Nəriman Həsənzadə, Yaşar Qarayev, Şamil Salmanov, Rasim Tağıyev, Aydın Məmmədov, Vaqif Yusifli, Abid Tahirli, Hidayət Səfərli və digər Azərbaycanın görkəmli sənətkarları, ədəbiyyatşünas və tənqidçiləri, qələm adamları onun poetik, ədəbi yaradıcılığına ləyaqətli qiymət vermişlər…

 
Onun istedadı hələ gənclik dövründə ulu sənətkar Səməd Vurğunun diqqətini cəlb etmişdi. Bu barədə İslam Səfərlinin üərək və məslək dostu, oxucuların sevimlisi, tanınmış yazıçı Əlfi Qasımovun xatirəsi diqqət çəkir: “İslam Səfərlinin tələbəlik illərində yazdığı uğurlu şeirlər, gənclərin böyük qayğıkeşi Səməd Vurğunun da diqqətini cəlb etmişdi. İndiki kimi yadımdadır, üçüncü kursda oxuyurduq. Böyük şair tələbələrə qonaq gəlmişdi. Onun yaradıcılığı haqqında ətraflı məruzə dinlənildi, çıxışlar oldu. Axırda söz Səməd Vurğuna verildi. O, xitabət kürsüsünə qartal kimi sinə gərib müasir poeziyamızın qarşısında duran vəzifələrdən danışdı. Şeir həvəskarlarını Füzuli, Sabir ənənələrindən, bayatılarımızdan öyrənməyə çağırdı… Söhbətinin bir yerində Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Zala göz gəzdirdi.
– Hanı o mənə oxşayan Qara İslam – deyə zala müraciət elədi.
Salonda İslamla yanaşı əyləşmişdik. İslam ayağa qalxdı.
– Burdayam, Səməd müəllim,  dedi.
– Bəri gəl görüm.
İslam qabağa yeridi. Səməd Vurğun əli ilə işarə elədi ki, yuxarı qalxsın. İslam sıxıla-sıxıla yuxarı qalxdı. Səməd Vurğun dedi:
– Yazıçılar İttifaqında keçən “Gənclər günü”ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?
İslamın yaxşı bir xasiyyəti də bu idi ki, şeirlərinin əksərini əzbərdən bilir, həm də çox ehtirasla, hərarətlə şeir oxuyardı.
– Oxuya bilərəm, – dedi.
Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb “Beşik başında” şerini şövqlə oxudu:
 

Xəzər sahilindən bir qədər kənar

 Ətrafı yam-yaşıl bir aynabənd var.

Orda suyu şirin, sadəcə bir qız,

 Piano önündə oturub yalqız,

Baxıb pəncərədən nə isə anır.

 Qəlbində ən zərif bir hiss oyanır…

 Ayrılıb bir anlıq düşüncələrdən

 Şirmayı dillərə əl gəzdirərkən

Ürpəşir bədəni, yaşarır gözü…

Oxucum, belədir, sənətkar özü –  

Yeni bir ilhamla yaşayan zaman

Odlu bir hiss keçir onun canından.

 Odur bax, o çalır… açılır bu dəm

Gözlərim önündə yeni bir aləm.

Bakı gecələri… nur səpir qəmər,

Gümüş rübəndinə bürünmüş şəhər.

Yaşıl bir eyvanda, beşik başında

Bir ana ömrünün cavan yaşında

Əziz körpəsinə dedikcə laylay,

Zərli tellərilə o sevdalı ay

 Oxşayır körpəni bir ana kimi.

 Layla od aşiqi-pərvanə kimi,

Dolaşıb beşiyin başında yenə,

Yayılır Xəzərin dərinliyinə…

 Alqış səsləri salonu titrətdi…”.

Bu şeirdə təsvir eilən ana, məncə, Səməd Vurğunun Aygün obrazının prototipidir…

 
İslam Səfərli Səməd Vurğuna məhəbbətini “Dağlar” şerində belə ifadə etmişdir:

…Mağarda saz tutan tellər vurğunu,

Bülbülü mat qoyan güllər vurğunu,

Səməd Vurğun kimi ellər vurğunu

Min il yaşayaydı, yüz nədi, dağlar!

Xalq şairi Nəriman Həsənzadə İslam Səfərlinin həyatından başqa bir maraqlı faktı belə təqdim edir: “İslamın gözəl ürəyini, şair təbiətini birinci olaraq dahi bəstəkarımız Üzeyir Hacıbəyov Naxçıvanda ikən, seçkilərdə iştirak etdiyi vaxtlarda görmüşdü. Cəbhədən yenicə qayıdan və sinəsi orden-medalla dolu olan bu gəncin pafosla oxuduğu şeirlərdən o böyük insanın xoşu gəlmiş, onu Bakıya, universitetdə təhsilini davam etdirmək üçün dəvət etmiş, sonra da, İslamı rektor, görkəmli Azərbaycan alimi Abdulla Qarayevdən xahiş etmişdi. Böyük xalq şairimiz Səməd Vurğun isə “Ayə, sən mənə oxşayırsan” — deyə onu “Qara İslam” çağırırmış. Bunları mənə şairin qardaşı Hidayət Səfərli danışmışdı”.

  
Nəriman Həsənzadənin bu xatirə-məqaləsində İslam Səfərlinin səcərəsi və xələfləri haqqındakı faktı da xatırlatmaq maraq doğurar: “İslam müəllim həmişə fərəh hissiylə deyirdi ki, mən böyük astronom Nəsirəddin Tusinin yaxın qohumlarındanam və o nəsldən olan görkəmli şəxsiyyətlərin adlarını çəkirdi. Bir də özünəxas qürurla eşitdirirdi ki, oğlum İlham Leninqradda (indiki Sankt-Peterburqda) Rəssamlıq Akademiyasında oxuyur. Həqiqətən, bu qan yaddaşı bir şair, ata ömrünü yaşadan müqəddəs duyğular idi.
    İndi şair İslam Səfərlinin evində onun varisi — oğlu İlham Səfərli yaşayır. Biz yenə İslam Səfərli ilə görüşürük, amma şairlə yox, nəvəsi — iqtisadçı İslam Səfərli ilə…”.
 

Bu eləcə, yurddaş deməkdir, vətəndaş deməkdir, ümumən Azərbaycan deməkdir:

Hərdən düşüncələr sarır insanı,
çayüstü körpülər
asma yolumdur.
Bağrıma basmışam Azərbaycanı
Araz bir qolumdur,
Kür bir qolumdur!
Əmr et keşiyində mətin dayanım,
Sənə qurban canım, Azərbaycanım!

Keçən əsrin ən tanınmış tənqidçi-ədəbiyyatşünası, prof. Əkbər Ağayev “Həyat eşqli”məqaləsində yazmışdı: “İslam Səfərlinin poeziyasında Xəzərin ləpələri pıçıldaşır, müasir kəndin və şəhərin müxtəlif təbiətli adamları tərənnüm olunur. Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir.

Qırçın-qırçın göy ləpələr,
Nə xəfifdir, nə incədir.
Onu şeirə çəkmək olmaz,
O ən zərif düşüncədir?..”.

Məmməd Rahim onu “Həyat nəfəsli şair”, Süleyman Rüstəm “Əsgər şair”, Famil Mehdi “Ənənənin ləyaqətli davamçısı”, Novruz Gəncəli “Şair döyüşçü”, Əli Mahmud “Gözəl nəğmələr şairi”, “Əlfi Qasımov “Sözlə dolu şair ürəyi”, Nəriman Həsənzadə “Nəğməkar şair ömrü”, Vaqif Yusifli “Nəğmədən yoğrulmuş poeziya”, Abid Tahirli “Məmləkət duyğularının tərcümanı”

adlandırmışdır…

   
Özünün yazdığı kimi İslam Səfərli doğrudan da, belə şairdir:

Mən Dədə Qorqudam, ozan şairəm,
Eşqimi göylərə yazan şairəm,
İslamam, zirvədə süzən şairəm…
 


 
Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas,
Səməd Vurğun mükafatı laueratı, dosent

12.02.2023.

Mənbə

Share: