Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Belə ki, işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Qısa zaman kəsiyində Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni aeroportların tikilməsi istiqamətində atılan addımlar, Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan tezliklə işğaldan azad etdiyi torpaqlarda həyatı canlandıracaq.
Artıq bir sıra şəhərlərin baş planlarının hazırlanması prosesi tam şəkildə öz həllini tapıb.
Ağdam və Füzuli şəhərlərinin baş planları təsdiqlənib və ictimaiyyətə təqdim olunub. Bununla yanaşı, digər şəhərlərin və qəsəbələrin də baş planları üzərində iş gedir. Bununla bağlı dövlət başçısının müvafiq qərarı və tapşırıqları var. Birmənalı şəkildə vurğulamaq olar ki, Azərbaycan qarşısına qoyduğu əsas hədəflərə çatır.
Azad olunmuş ərazilərin hər birində inzibati binalar, hüquq-mühafizə orqanları, müvafiq xidmət sahələrinin binaları fəaliyyətə başlayıb.
Maraqlıdır, Milli Məclisinə Qarabağdan və Şərqi Zəngəzurdan olan deputatları həmin ərazilərdə ofislərini nə zaman açacaqlar?
Bununla bağlı Modern.az-a danışan deputatlar bildiriblər ki, ofislərin fəaliyyətə başlaması üçün ilk növbədə əhalinin tam qayıdışı təmin edilməlidir.
83 saylı Ağcabədi-Fuzuli secki dairəsini təmsil edən deputat Aqil Abbas Füzulidə ofis açmaq istədiyini dilə gətirib:
“Amma orada axı hələ heç kim yoxdur. Hazırda ofisim Ağcabədidə yerləşir. Füzuli şəhərindən olan seçicilərimin isə demək olar ki, böyük əksəriyyəti Bakıda yaşayır. Özüm ağdamlı olduğumdan ağdamlıları da qeyri-rəsmi təmsil edirəm. Azad olunmuş ərazilərdə əhali yaşamadan ofis açmağımız mümkün deyil. Ölkə başçısının sərəncamına əsasən, Böyük Qayıdış başlayıb. Bunun fonunda bizim də təmsil etdiyimiz ərazilərdə ofislərimiz açılacaq”.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov da işğaldan azad olunmuş bölgəmin millət vəkili kimi təmsil etdiyi regionda ofisinin olmasını arzulayır:
“Biz bunu etməliyik. Ölkə başçısının birbaşa rəhbərliyi ilə Böyük Qayıdış həyata keçirilir. Proqramda bu və ya digər şəkildə deputat ofislərinin azad olunmuş ərazilərdə açılması da nəzərdə tutulub. İnsanlar öz doğma yurduna tam qayıdandan sonra əhali ilə görüşlər, ayrı-ayrı tədbirlər keçirmək üçün Cəbrayılda ofis açmaq gərəkli olacaq”.
123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilən Aqil Məmmədov da düşünür ki, Kəlbəcərdə ofis açmaq hələ tezdir:
“Bunun üçün Kəlbəcərdə əhalinin yaşayışının, məskunlaşmasının təmin edilməsi vacibdir. Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyasına uyğun inşa edilmiş Ağalı kəndində artıq sakinlər yaşayır. Digər rayonlarda isə hələ köç başlamayıb. Gərək sakinlər köçürülsün ki, bütün ərazilərdə ofislərin açılmasını müzakirə edək. Təki kəlbəcərlilər də öz doğma yurdlarına qayıtsınlar, biz orada ayaq üstə də fəaliyyət göstərərik”.