Sosial şəbəkələrdə AZAL şirkəti ilə bağlı şikayətlər səslənib. Jurnalist İlhamə Əli bildirib ki, AZAL şirkətinin təyyarəsi ilə Türkiyəyə uçuş edərkən bələdçilər Azərbaycan, rus və ingilis dilində anons edirlər, amma yemək paylanılan zaman ancaq ingilis və çox az hallarda rus dilində danışırlar.
“Bələdçilər də bizim öz qızlarımızdır. Bələdçi sərnişinə yaxınlaşır və “chicken & meat” deyə soruşur. Sərnişin də baxır və anlamır. Bu çox mənasız və yersiz deyilmi? Öz ölkəmdən uçuş edirəm, niyə əcnəbi dildə müraciət olunur? Öz dilimizdən utanırıq?
Qeyd edim ki, bu birinci dəfə deyil, hər gediş-gəlişdə bu halla rastlaşıram”, – o bildirib.
Başqa bir sərnişin, Teyyub Dəmirov bildirib ki, dil problemi səbəbi ilə bizim təyyarələrdə uçarkən özünü başqa ölkədəki kimi hiss edir.
Məsələ ilə bağlı AZAl şirkətinə müraciət etdik, hələlik cavab yoxdur olan kimi biləcəksiniz.
Söhbət başqa dili anlayıb anlamamaqdan getmir, Azərbaycan dilinin təbliğinin vacibliyindən gedir. Başqa dilləri bilmək gözəldir, mədəniyyətdir, dil dünyaya açılan qapıdır. Amma öz dilini bəyənməmək kimi bir problem var bizim xalqda.
Bakı küçələrini gəzin. Kafe, restoran, mağaza adlarının 80 faizi anlamadığımız əcnəbi sözlərdən ibarətdir. Ad belə olanda daha sanballı görünür.
Hansısa müəssisəyə işə götürəndə mütləq şəkildə xarici dil bilgisi tələb olunur. Vacib deyil, qabyuyan işləyəcəksən, yoxsa xarici əlaqələr üzrə müşavir.
Mərhum liderimiz Heydər Əliyev “Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!” deyirdi, çıxışlarını istisnasız olaraq , Azərbaycan dilində edirdi.
Müzəffər prezidentimiz İlham Əliyevin xalqa müraciətində çox sadə milli ifadələr işlətməsi sevilərək qarşılanır.
Bəs niyə sadə insanlar öz nitqlərini ingilis və rus kəlmələri ilə “bəzəyərək” ağıllı görünməyə çalışırlar?
Sosioloq Əhməd Qəşəmoğlu HİT-az-a bildirib ki, öz dilini bəyənməmək əslində əziklik kompleksidir:
“Azərbaycan dili böyük tarixi kökə malik zəngin dildir, 50 milyona yaxın insan bu dildə danışır. Bu gün öz dilini bilməməyi ilə öyünüb başqa dillərdə danışanları sadəcə manqurt adlandırmaq olar. Onların öz soy köklərinin tarixindən xəbərləri olsa qürur duyar, eyni həvəslə Azərbaycan dilində danışarlar. Hər şey sadəcə məlumatsızlıqdan, bilgisizlikdən irəli gəlir. Bəli, xarici dilləri gözəl bilmək təqdirəlayiqdir. Amma bir rus, ingilis qədər qüsursuz danışmaq naminə öz dilini qüsurlu eləmək yolverilməzdir. Hansı ingilis. Rus sənin dilin üçün eyni dərəcədə səy göstərir? ictimai qınaq mexanizmi işə düşməlidir, əks halda yeni nəsillər unu norma kimi qəbul edəcək”,-o bildirib.