Azyaşlı şagirdlərdə yuxu rejiminin tənzimlənməsi onların zehni, psixoloji, eləcə də fizioloji inkişafı üçün ən vacib məsələlərdən biridir. Hazırda yaz tətilində olan ibtidai sinif şagirdləri dərslər başladıqdan sonra sırf bu səbəbdən adaptasiya problemi yaşayırlar.
Bir çox şagirdlər isə ümumən tədris prosesinin davam etdiyi sıravi günlərdə də yuxusuzluqdan əziyyət çəkirlər. Bəzən, dərs müddətində yuxudan tam ayıla bilməyən azyaşlı şagirdlərlə işləmək müəllimlər üçün də əlavə əziyyətə səbəb olur.
Moderator.az təqdim etdiyi yazıda azyaşlı şagirdlərin yuxu rejiminin qaydaya salınması ilə bağlı zəruri tövsiyələri təqdim edir:
1-Xüsusən də birinci sinifdə və məktəbəqədər hazırlıq qruplarında oxuyan azyaşlıların yuxu rejimini pozan iki səbəb var: öyrəşdikləri mühitdən, özlərini daim komfortda saydıqları məkandan çıxaraq birdən-birə onlara yad bir yerə-məktəbə gəlmələri azyaşlılarda psixoloji həssaslıq yaradır. Məktəbin səs-küyü, oradakı yeni simalar, heç zaman görmədiyi üzlər, hətta divarlar belə onun üçün yenidir və bu uşağın yuxu rejiminin pozulmasına səbəb olan amillərdəndir.
İkinci səbəb isə, əsasən də ibtidailərdəki yüklənmiş tədris proqramıdır. Azyaşlı şagirdin zehni bacarıqları üçün izafi informasiya yükü sayılacaq bu dərsliklər onların yuxu rejiminin pozulmasına da gətirib çıxaracaqdır.
Odur ki, valideynlər azyaşlı şagird məktəbdən evə qayıtdıqdan sonra onların gündüz ən azı, 2 saat yatmalarına xüsusi diqqət etməlidirlər. Təəssüf ki, bizdə bu məsələdə valideynlərin yol verdiyi ciddi nöqsanlar var. Bir çox valideyn azyaşlı övladını dərsdən sonra əlavə hazırlığa, yaxud, hansısa bacarığı mənimsəmək üçün dərnəyə və s. aparır. Bura çox rahatlıqla dil kurslarını da əlavə etmək olar. Məktəbdən qayıtdıqdan sonra beyni dincəlməmiş uşağı əlavə olaraq yükləmək onun zehni və psixoloji durumunu getdikcə məhvə doğru aparmaqdır. Uşaq yalnız iki saat yatdıqdan sonra əlavə hazırlıqlara aparıla, yaxud, sabahkı dərslərinə fokuslana bilər.
2-Gecə yuxusu – Dərsdən qayıtdıqdan sonra iki saat gündüz yuxusu yatıb beynini tənzimləyən azyaşlı daha sonra da çox yüklənməməli və mütləq axşam saat 9-da yatırılmalıdır. Bu zaman zamanın ən böyük kabusu olan mobil telefonlarla təmasa da xüsusi diqqət yetirilməlidir. Axşam saat 9-da yatmalı olan uşaq, ən azı, bir saat əvvəl heç bir elektron cihazla, mobil telefonla təmasda olmamalıdır.
3-“ 6 yaş sindromu” – Əsasən payız aylarında müşahidə olunan və tibdə “6 yaş sindromu adlandırılan bir mərhələdə bu yaş aralığında olan uşaqlarda hədsiz gərginlik, əsəbilik və intizamsızlıq yaşanır. Bu sindromun əsas səbəbi isə uşaqlarda zehni və psixoloji yüklənmələrdir. Nəticədə davranış pozuntusu yaşayan uşaqların yuxu rejimi də sıradan çıxmış olur. Psixoloq və pediatrlar bu sindromun əsas müalicəsi kimi uşaqların zehni sakitlik yaşamalarını tövsiyə edirlər. Nəticədə zehni təmizləmə yaşayan azyaşlının yuxu rejimi də qaydasına düşmüş olacaqdır;
4-Sükut müalicəsi – Bu gün məktəblərimizdə şagird sıxlığının olması heç kəsə sirr deyil. Əsasən də paytaxtda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində bir sinif otağında normadan xeyli çox şagird təhsil almaqdadır. Bu isə xüsusən də azyaşlı şagird üçün psixoloji və zehni gərginliyin yaranması deməkdir. Xüsusən də həssas qrupa daxil olan uşaqlar bu təsirə tez düşür, qələbəlik arasında psixoloji sarsıntı yaşamış olurlar. Odur ki, evə gəldikdən sonrakı iki saatda, həmçinin, axşam yatmazdan əvvəlki saatda azyaşlının tam səssiz və rahat bir məkanda beyin dinləndirməsini təmin etmək vacibdir. Valideyn bu zaman səssiz ortamdakı övladına sakit şəkildə nağıl danışıb, kitab oxumaqla ona daha da dəstək ola, yuxu problemini həll edə bilərlər.
5-“Bəlli saatlar” – Tədqiqatlara əsasən, insan orqanizmi yuxuya ən çox gecə yarısı- səhər 7.00 arası və günorta 14.00-16.00 arası ehtiyac duyur. Odur ki, dərsdən evə qayıtdıqdan sonra azyaşlı şagirdin gündüz vaxtı göstərilən saat aralığında (14:00-16:00) yuxuya getməsi daha faydalıdır.