Bəziləri bunu irqçilik adlandırır, amma bu, millətçilikdir. – Xalq şairi

Bəziləri bunu irqçilik adlandırır, amma bu, millətçilikdir.  – Xalq şairi

Bu gün “Park İnn” otelində “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” adlı beynəlxalq simpozium keçirilib.

Milletinsesi.az xəbər verir ki, Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən simpoziumda tədbirdə İraq Türkman Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehi, professor Qəzənfər Paşayev, professor Kürşad Zorlu, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Fəzail İbrahimli, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzeçi, “Yeni Müsavat” Media qrupunun rəhbəri Rauf Arifoğlu və b. iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ATEV sədri Tənzilə Rüstəmxanlı bildirib ki, simpoziumun bu ğun keçirilməsi təsadüfü deyil:

“Sabah Türk Milli Oyanış – Türkçülük günüdür. Biz o tarixi hər il qeyd edirdik. Ancaq bu il o tarixi belə bir miqyaslı bilimsəl tədbir çərçivəsində də qeyd edəcəyik.

Bu simpoziumda Kərküklə Qarabağın seçilməsi təsadüfi deyil. Hər ikisi türk dünyasının qanayan yarasıdır. Kərkük Azərbaycanın qardaşı deyil, Kərkük bizimdir, özümüzündür, Azərbaycanın səsidir”.

Sonra çıxış edən İraq Türkmən Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salihi bildirib ki, türklər əsarəti qəbul edən millət deyil:

“Orta Asiyada sıxışdırılan türklər heç vaxt əsarəti qəbul etmir. Biz əminik ki, əsarəti sevməyən Azərbaycan türkləri də bir gün Qarabağı işğaldan azad edəcək. 1992-ci ilin fevralında Xocalı faciəsində biz İraq türkləri Səddamın zülmündə inləyirdik. Buna rəğmən Azərbaycanın müstəqilliyinə çox sevindik”.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında milli şüurun oyanması məsələsinin çox önəmli olduğunu deyib:

“Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın müxtəlif ölkələrində, az qala, bütün qitələrində Qarabağla bağlı konqreslər keçiririk. Azərbaycanda da bununla bağlı çoxsaylı tədbirlər təşkil edilir. Bəziləri bunu irqçilik adlandırır, amma bu, millətçilikdir. Xüsusən bizim kimi nihilist kosmopolit dövründən çıxan bir toplum üçün millətçiliyi yaşamaq önəmlidir. Milli şüurun oyanması son dərəcə önəmlidir. Türk dünyası bu gün heç vaxt olmadığı qədər böyük güclərlə qarşı-qarşıyadır. Türk dünyası 1000 ildir mədəniyyətlərin parçalanması, əlifbaların bölünməsi, adların, tarixin, coğrafiyanın dəyişiminə məruz qalır. SSRİ dağıldıqdan sonra 5 müstəqil türk dövləti yarandı. İstər-istəməz bu 5 dövlət arasında türk birliyi yarana bilər. Bu fikirdən yayındırmaq üçün ortaya Avrasiya ideyası atılır. Biz daim türklərin bir olmasına çalışmalıyıq”.

Share: