“Planla yaşayan insan deyiləm, gözlərimi açanda Allaha şükür edirəm”
“Mən hər efirdə qonaq olub, aparıcı ilə dialoqa girə bilmərəm. Ən azından tamaşaçıma və özümə hörmət etməliyəm. Efirlərə ona görə çıxıram ki, dinləyicilərim, tamaşaçılarım mənim üçün darıxır. Mənim auditoriyam az deyil. Müğənni olsam da səhər tezdən durmaqla aram çox yaxşıdır. Ona görə də daha çox səhər efirlərinə gedirəm. Mənim üçün həmin verilişdə yanımda kimin qonaq olması mütləqdir. O ki, qaldı sənətə.. Planla yaşayan insan deyiləm. Səhər gözlərimi açıb, Allaha şükür edirəm”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elmira Ələkbərzadə deyib. O daha sonra əlavə edib.
“İstəyirəm ki, bütün qadınlar dünyada xoşbəxt olsunlar. Qadının ən böyük xoşbəxtliyi onun övladıdır. Oğlan yaxud qız olmasının fərqi yoxdur. Mən 41 yaşında ana olmuşam. Hər bir ananın arzusudur ki, övladının toyunu görsün. Bəzən Sevdaya deyirəm ki, Davidə təhsil verib, tez evləndirəcəyəm. Axı mən də nənə olmaq istəyirəm (gülür). İndi rəhmətlik anamı daha yaxşı başa düşürəm. Deyirdi ki, övladınız olar, sonra məni başa düşərsiniz. Vaxtında valideyn sözünə qulaq asmaq lazımdır” deyə müğənni bildirib.
Müğənni hər zaman kökünə bağlı olduğunu bildirib.
“Əbülhəsən Ələkbərzadə və Çingiz Ələkbərzadə nəslinin davamçılarıyıq. Bu yükü çiyinlərimizdə daşımaq böyük məsuliyyət, qürurdur. Ələkbərzadələrin bizdən əlavə davamçıları da var. Bunlar da bizim qardaşımız qızı və oğludur. Onlar da bu nəslin layiqli davamçılarıdır. Ən kiçiyi isə mənim oğlum Daviddir. Oğlum David də pianonun üstündə babasının çərçivədə olan şəkilini götürüb masanın üzərinə qoyur ki, bu mənim Çingiz babamdır. İnşallah ki, o da köklərinə bağlı övlad olar” deyə müğənni bildirib.
Elmira Ələkbərzadə bayağı mahnılardan da danışıb.
“Bayağı mahnıları istər-istəməz eşidirik. Bundan qaça bilmərik. Sözləri və musiqisi primitiv olur. Bu mahnı deyil. Bizdə evdə təbii ki, belə musiqilər səslənmir. Bəzən deyirlər ki, xalq mahnıları nədir ki? Kimə lazımdır? Biz evdə axşamlar Sevda ilə xalq mahnılarına qulaq asırıq. Çalışırıq ki, Daviddə bizimlə birlikdə bu mahnıları eşitsin. Bu mahnılar bizim kökümüzdür, keçmişimizdir, gələcəyimizdir. Bizim xalqımız çox istedadlıdır, yaxşı musiqiyə qulaq asanlar da az deyil” deyə sənətçi bildirib.