Badamdardakı uçqunun səbəbi açıqlandı

Ötən gün Badamdar qəsəbəsində baş verən torpaq uçqununa səbəb antropogen amillərdir.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, hadisə yerinə səhər saatlarında özünün iştirakı ilə baxış keçirilib: “Texnogen fəaliyyətin təsiri səbəbindən baş verən uçqunun uzunluğu təxminən 20 metrə yaxındır”.

Nazirlik rəsmisi bildirib ki, uçqun kütləsi ərazidə yolu örtüb: “Ərazidə yerləşən bir ev uçqun zamanı deformasiyaya uğrayıb. Həmin yerdə hazırda heç bir yeni təhlükə yoxdur”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev isə açıqlamasında deyib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış keçirilir: “Məsələ ilə əlaqədar araşdırmalar aparılır. Topoqraf geoloqların rəyindən sonra işlərin hansı formada görülməsi müəyyənləşəcək. Bu işlər bir-iki günə yekunlaşacaq. Bundan sonra da uçqun kütləsinin yığışdırılıb-yığışdırılmaması, yaxud da hansı əraziyə daşınması barədə qərar qəbul ediləcək. Hazırda orada hər hansı bir təhlükə yoxdur”.

 

Share: