Bakı Dövlət Sirkində təmir işləri başlayıb.
Modern.az xəbər verir ki, bu barədə sirkin direktor əvəzi Nahid Ağayev jurnalistlərə açıqlama verib.
N.Ağayev bildirib ki, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları yeniləri ilə əvəz olunub:
“Təmir işləri zamanı sirkin zalının döşəmələri tamamilə yenilənib. Yeni mövsümdə heyvanlarla xüsusilə də atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə təmir olunub. Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək”.
N.Ağayev deyib ki, sirkin binasının əsaslı şəkildə təmir olunması məsələsi ilə bağlı Mədəniyyət Nazirliyi ilə daim müzakirələr aparılır:
“Hazırda zəruri tədbirlər həyata keçirilib və vətəndaşlar rahat şəkildə şouları izləyə biləcəklər. Bəzən sirkdəki şəraitlə bağlı müəyyən narazılıqlar olurdu və biz də həmin nüansları aradan qaldırmağa çalışmışıq”.