Zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC “oxu.az”ın sorğusuna cavab olaraq bildirib.
Bildirilib ki, “Bakı Metropoliteni” şəhərdaxili ictimai sərnişindaşıma nəqliyyatıdır və beynəlxalq daşımalarla məşğul deyil.
Lakin zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir.
Eyni zamanda qeyd olunub ki, “Bakı Metropoliteni” QSC-də mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyətli struktur vahidlərinə müvafiq tapşırıqlar verilib.
Məlumat üçün bildirmək istərdik ki, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir.
Paytaxtın ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı növlərindən biri kimi əsasən yeraltı tunellərdən ibarət olması nəzərə alınaraq Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə uyğun planlaşdırılmış dezinfeksiya işlərinin və digər müvafiq tədbirlərin aparılmasına da ciddi riayət olunur.
Ümumən, “Bakı Metropoliteni” QSC-nin obyektlərində, o cümlədən stansiyalarda, tunellərdə, elektrik deposunda və qatarlarda, habelə iş yerlərində lazım olan bütün profilaktik sanitariya tədbirləri müntəzəm yerinə yetirilir.
Bundan savayı, görülən işlərə nəzarət olunur, daimi monitorinqlər aparılır, zərurətdən asılı olaraq digər profilaktik tədbirlər həyata keçirilir.
Fürsətdən istifadə edərək “Bakı Metropoliteni” QSC sizin vasitənizlə sərnişinlərə bir daha müraciət edərək metropolitendə sanitar-gigiyenik normaların tələblərinə əməl etmələrinə, stansiya və qatarlarda təmizliyə riayət olunmasına, ələlxüsus qida və yeyinti məhsullarının, xüsusən saqqız və s. bu kimi fəal və dayanıqlı virus daşıyıcılarının döşəmələrə atılmamasına, divarlara, qapılara, şüşə çərçivələrinə, oturacaqlara, tutacaqlara yapışdırılmamasına və digər belə hallara yol verilməməsinə diqqətli olmağı tövsiyə edir.
Çünki sanitar-gigiyenik normalara əməl olunması hər bir sərnişinin sağlamlığının təməli kimi xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, həmçinin metropolitendə təmizliyin qorunması baxımından vacibdir.