Bakı metrosunda həyəcan

Bakı metrosunda sərnişinlər daha bir həyəcan yaşayıb.

Trend-in məlumatına görə, hadisə metronun “Gənclik” stansiyasında baş verib.

Stansiyaya daxil olan qatarın vaqonlarına qəfil tüstü dolub. Platformada sərnişinlər dərhal boşaldılıb və qatar tərkibinə ümumi baxış keçirilib. Qatarda heç bir nasazlıq qeydə alınmayıb. Qatar yenidən sərnişinlərlə birlikdə yola davam edib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, sərnişin qatarında heç bir təhlükə baş verməyib: “Qatar “Gənclik” stansiyasına daxil olarkən vaqonlara tüstü dolduğundan sərnişinlər boşaldılıb və qatara baxış keçirilib. Məlum olub ki, sərnişin qatarından əvvəl stansiyadan sınaq qatarı keçib və həmin qatarın əyləc yastıqlarında sürtünmə zamanı tüstü yaranıb. Nəticədə tunelə tüstü dolub. Narahatlığa heç bir əsas yoxdur. Hazırda qatarlar normal qrafiklə hərəkət edir”.

 

Share: