Bakıda bu marşrut xətti ləğv edildi

Bu gündən Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

Bu barədə Millətin Səsi.az a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Hövsan qəsəbəsini (MİDA) “28 May” metro stansiyası və “Əhmədli” metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.

Sürətli sərnişin daşınmasını təmin edəcək 121E və 140E nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq.

Marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək.

“28 May” metrostansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçiriləcək. Qeyd edilən marşrutlar üzrə müasir “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək.

Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.

Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib.

Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.

Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

Share: