Bakıda “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik”də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, Sadıq-zadə Mirzə Zeynal oğlu sözügedən tibb ocağında testdən keçib, onun nəticəsi neqativ çıxıb.
Lakin “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib.
Bu barədə “Qafqazinfo”ya danışan S.Mirzə bildirib ki, ona yaxın olan şəxslərdən birinin Covid-19 testinin nəticəsi pozitiv çıxıb və bu səbəbdən narahat olduğu üçün özü də test etdirib:
“Testdən bir neçə gün öncə yüngül öskürək və 37,4-37,5 qızdırmam var idi. Təcili yardıma bildirsəydim, cavablar 3 günə çıxacaqdı və əgər məndə pozitiv idisə, kimisə yoluxdura bilərdim. Bu səbəbdən “Referans”a yollandım ki, əmin olum. Çox şükür ki, cavab neqativ çıxdı. Və artıq test verməyə gedəndə məndə heç bir narahatlıq yox idi – nə öskürək qalmışdı, nə də qızdırma”.
Şikayətçi onu da bildirib ki, bundan öncə xüsusi karantin rejimi dövründə portalda iş üçün icazəsi olub:
“Bu gün baxdım ki, silinib. Yeni icazə götürmək istədiksə isə bildirildi ki, Covid-19-a yoluxmuş şəxs 21 gün sonra götürə bilər. Laboratoriya mərkəzinin hansısa işini düzgün görməyən əməkdaşı mənim barəmdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yanlış məlumat verərək, nəticəmin pozitiv çıxdığını bildirib. Bu səbəbdən, dünəndən telefonuma gələn zənglər və mənim hər birinə göndərdiyim testin nəticələrinə inansalar da, adını qeyd etdiyim Poliklinika öz səhvini düzəltmədi. Və mənim portalda olan iş icazəm ləğv olunmuş, adıçəkilən virusa “yoluxmağım” səbəbi ilə yeni icazə götürməyim mümkünsüzləşmişdi. Dünən “Referans”la əlaqə saxladım. Bildirdim ki, sizin məsuliyyətsizliyinizdir. Düzəldin səhvinizi. Dedilər ki, narahat olmayın. Sizdə cavab neqativdir. Kim dəqiqləşdirmək istəsə , bizim əlaqə nömrəmizi verin. Ancaq TƏBİB-ə verdikləri yanlış məlumatı düzəltmədilər. Bir saat öncə də TƏBİB-ə məlumat vermişəm. Dedilər ki, sizə məlumat veriləcək”.
Məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, vətəndaş müraciət edibsə, araşdırılacaq.
Xatırladaq ki, S.Mirzə Covid-19 testi üçün klinikaya 100 manat ödəniş edib.
Emin Səfərov