Bakıda mühüm konfrans

Sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimi keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə təşkil olunub. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.

IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Konfransın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Milletinsesi.az xəbər verir ki, tədbirdə IAEA prezidenti Rendi Bennett rəhbəri olduğu assosiasiyanın məqsədinin təhsilin qiymətləndirilməsi elmi və təcrübəsinin inkişafına peşəkar mübadilə vasitəsilə kömək etməkdən ibarət olduğunu bildirib. Vurğulayıb ki, tədbirə ev sahibliyi edən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi IAEA-nın mövzularla zəngin konfransının Azərbaycanda yenidən keçirməsi üçün səylə çalışıb. Dövlət İmtahan Mərkəzi maraqlı və informativ elmi proqram, habelə Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində bir sıra sosial tədbirlər işləyib hazırlayıb.

IAEA 2019 təhsilin qiymətləndirilməsini necə inkişaf etdirə biləcəyimiz ətrafında stimullaşdırıcı mübadilə ilə dolu xüsusi bir konfrans vəd edir.

Konfransın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusu apardığımız araşdırmanın və tətbiq etdiyimiz təcrübənin mərkəzində qiymətləndirmənin məqsəd və istifadəsini qoyur.

Qoy bu konfrans zəngin ideya və diskussiyalarla, habelə təşviq edəcəyi zəngin qarşılıqlı əlaqələrlə yadda qalsın. Təhsilin səmərəliliyini artırmaq və dünyanı daha da yaxşılaşdırmaq naminə birgə işləməyimizə kömək etsin. Rendi Bennet konfrans iştirakçılarına məhsuldar və xoş həftə arzulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransın Bakıda ilk dəfə 2007-ci ildə keçirildiyini xatırlayaraq deyib: “Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib. Bu cür böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır.

Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür.

Keçmiş təcrübəyə və ötən il Oksfordda “Qiymətləndirmə və böyük verilənlər” mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə – “Qiymətləndirmə və qərar qəbuletmə” kimi müəyyən etdik.

Məhz bu baxımdan, institusional islahat vasitəsi kimi təhsildə qiymətləndirməni təşviq edən ən yaxşı qiymətləndirmə tədqiqatçılarını və əsas şəxsləri konfransımıza dəvət etdik. Onlar sizinlə qiymətləndirməyə əsaslanan qərar qəbuletmənin müxtəlif perspektivlərini müzakirə edəcəklər. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, validlik, qiymətləndirmə metodları, müqayisəli tədqiqatlar, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf müzakirə olunacaq əsas mövzulardır.

Bundan əlavə, biz, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu panelini də builki proqrama daxil etmişik. Ümid edirəm ki, panel sessiyaları və müzakirələr intellektual baxımdan stimullaşdırıcı və faydalı olacaq.

Biz yeni ideyaların yaranmasında, qarşılıqlı əməkdaşlığın qurulmasında çox maraqlıyıq! Biz buna çərşənbə günü Cambridge Assessment (Kembric Qiymətləndirmə) ilə tərəfdaşlıq sazişi imzalamaqla başlayırıq. Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik.

Tərəfdaşlarımız, sponsorlarımız və bütün bizə dəstək olanlarla birgə sizin Bakıya bu gəlişinizi xoş xatirələrlə zəngin və unudulmaz etməyə çalışmışıq!

Bu həftə burada toplaşan və Bakını yenidən təhsilin qiymətləndirilməsi üzrə müzakirələr mərkəzinə çevirən hər bir kəsə dərin təşəkkürümü bildirirəm”.

Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu gün ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri insan kapitalının inkişafına nail olmaqdır.

 

Share: