Bakının bu ərazilərdəki 5-7 mərtəbəli binalar söküləcək

Nazirlər Kabineti tərəfindən təsdiq edilən Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir.

 

Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. 

 

Ekspertlər deyir ki, əsasən 70-ci illərə qədər tikilən “xruşşovkalar” və “Minsklayihələri əsasında tikilmiş binaların sökülməsi nəzərdə tutulub.

 

Bəs hansı ərazilərdəki binalar söküləcək? Bu binaların sökülməsi nə üçün bu qədər vacibdir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, ümumilikdə 800-ə yaxın çoxmənzilli bina söküləcək:

 

“Sökülməsi gözlənilən 5 və 7 mərtəbəli binalar əsasən Hüseyn Cavid prospektində, Yeni Yasamalda, hipadrom deyilən ərazilərdə, Babək prosepektində “NZS” deyilən ərazidə, Səbaildə, Bayılda yerləşir. Təxminən 800-ə yaxın çoxmənzilli yaşayış binası söküləcək”.

N.İbrahimov belə binaların sökülməsinin əhəmiyyətindən danışıb:

 

“Ümumiyyətlə, daşınmaz əmlakın,yəni bina və tikililərin bir ömür müddəti var. Bina və tikililər ömür müddətini başa vurduqda, artıq fiziki cəhətdən tam aşınır. Eyni zamanda iqtisadi baxımından onun saxlanılması məqsədəuyğun hesab olunmur. Ona görə ömrünü başa vuran köhnə mənzillər yenilənməlidir. Digər yandan forsmajor hadisələr üçün sözügedən binalar demək olar ki, hazır deyil. Məsələn “Xruşşovka”  evlər tikilərkən 6 bal gücündə zəlzələyə dözümlü olub. Bu gün binaların 9 bal gücündə zəlzələyə dözümlü olması tələb olunur. Bu hadisələrin qarşısını almaq, insanların tələbini ödəmək üçün sözügedən binaların yenilənməsinə ehtiyac var”.

Mənbə

Share: