Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində yenidənqurma işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milletinsesi.az-a bildirilib ki, yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, AAYDA tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və yollarında təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Xətai rayonunda 2019-cu ildə sahəsi 221 min kvadratmetr, uzunluğu 18 kilometr olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə 23 kilometrədək küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Yenidənqruma işləri Məzahir Rüstəmov küçəsində, həmçinin İnqilab İsmayılov küçəsinin bir kilometrlik hissəsində aparılıb. Küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçələr boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1,4 kilometr, ortalama eni təqribən 10 metr olan M.Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri artıq yekunlaşdırılıb. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib. Yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.
Bundan başqa, küçəboyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Layihə çərçivəsində küçəboyu xüsusi parkinq yerləri yaradılıb, avtobus dayanacaqları qurulub, vətəndaşların küçəni rahat və təhlükəsiz keçməsi üçün piyada keçidlərində xüsusi təhlükəsizlik adacıqları yaradılıb. Daha sonra küçənin asfaltlanması işləri aparılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənib. Asfaltlanma işləri təqribən 15 min kvadratmetr sahəni əhatə edib.
Analoji işlər İ.İsmayılov küçəsinin təqribən bir kilometrlik hissəsində də aparılıb, qalan hissədə isə davam etdirilir. Küçənin ümumi uzunluğu isə 2,9 kilometr, eni isə ortalama təqribən 8 metr təşkil edir. Bu küçədə də köhnə asfat beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, bunun əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Növbəti mərhələdə isə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri təqribən 25 min kvadratmetr sahəni əhatə edib. Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Piyadaların rahat gediş-gəlişi üçün küçə boyu şərait yaradılır. Belə ki, yeni piyada səkiləri inşa edilir, mövcud səkilər isə bərpa olunur, kənarlarına yeni səki daşları düzülür.
İşlərin sonuncu mərhələsində M.Rüstəmov küçəsində, həmçinin İ.İsmayılov küçəsinin bir kilometrlik hissəsində zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkilib. Hazırda İ.İsmayılov küçəsinin qalan 1,9 kilometrlik hissəsində yenidənqurma işləri davam etdirilir.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq, Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.