Bakının tələbləri qlobal miqyasda dəstəklənir

Bakının tələbləri qlobal miqyasda dəstəklənir

İkinci Dünya Müharibəsindən sonra ABŞ-da yaradılan və Millətlər Liqasını əvəzləyərək qlobal miqyasda sülhlə təhlükəsizliyi dəstəkləmək, habelə, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək məqsədinə xidmət etməli olan Birləşmş Millətlər Təşkilatı (BMT) indi amorf, zəif, üzləşdiyi problemləri həll etmək gücündə olmayna təşkilata çevrilib.

BMT indi, sadəcə, supergüclərin maraqlarının təminatına və mənafelərinin gerçəkləşməsinə yönələn struktur kimi qəbul edilir.

İnkişaf etməkdə olan dövlətlərdə isə ümumiyyətlə BMT-dən narazılıq pik həddə çatıb.

Narazı ölkələr arasında Azərbaycan da var və BMT-nin fəaliyyətinə tənqidi münasibətimiz səbəbsiz deyil.

…1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. Baş katib isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi.

1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi.

Yalnız bir il sonra, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul etdi.

30 aprel tarixli 822 saylı qətnamədə erməni işğalçılarının Kəlbəcərdən, 29 iyul tarixli 853 saylı qətnamədə Ağdamdan, 14 oktyabr tarixli 874 saylı qətnamədə Fizuli, Qubadlı və Cəbrayıl, 884 saylı qətnamədə isə Zəngilandan və işğal edlmiş digər rayonlardan dərhal, qeyd-şərtsiz çıxarılması tələb olunurdu.

Qətnamələr qəbul olundu, amma bu sənədlərin icra edilərək həyata keçirilməsi üçün işğalçı Ermənistana zərrə qədər təzyiq göstərilmədi.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən bəhs edərkən belə deyib: “Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.

Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik.

BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.

2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”.

Gerçəkdən də BMT TŞ indiki formatında və sistemində beynəlxalq miqyasdakı prolemləri həll etmək imkanlarına, potensialına və gücünə malik deyil.

Nüfuza gəldikdə isə Təhlükəsizlik Şurası çoxdan bəri “böyük dövlətlərin aləti” kimi tanınır.

TŞ-nin daimi üzvlərinin veto hüququ isə ifrat dərəcədə intensiv istifadə olunan vasitəyə çevrilib.

Üstəlik, TŞ-nin dəyişməsi olmadan BMT-də islahatlar mümkün deyil.

İslahatları labüd və zəruri edən səbəblər isə BMT-nin mövcud olduğu 70 il ərzində geosiyasi reallıqlarla çağırışların dəyişməsi, təşkilat üzvlərinin yarandığı 1945-ci ildəki 51 dövlətdən indiki 193 dövlətə çatması, BMT-nin əksər strukturlarının fəaliyyətindəki çatışmazlıqlar və nöqsanlardır.

Hələ 1997-ci ildə BMT-nin o dönəmdəki Baş katibi Kofi Annan təşkilatın fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutan plan təklif etmişdi. Təkliflərin hazırlanması üçün Xüsusi İşçi Qrup, BMT-nin Sülh Əməliyyatları Qrupu və Təhdidlər, Çağırışlar və Dəyişikliklər Qrupu (“Müdriklər Qrupu”) adlı üç müvəqqəti struktur da yaradılmışdı.

Annan təşkilatda genişmiqyaslı institusional islahatların aparılmasını və maliyyələşdirilmənin artırılmasını istəyirdi.

2002-ci ildə islahatların ikinci planı hazırlandı, 2005-ci ildə Kofi Annan “islahatların qaçılmazlığı ilə bağlı” məruzə ilə çıxış etdi.

Daha sonra BMT-nin digər baş katibi Pan Gi Mun təşkilatlda islahatlarla bağlı dövlətlərarası komissiya yaratdı, danışıqlar və müzakirələr başlandı.

Lakin heç nə dəyişmədi. Çünki BMT-də islahatlarla bağlı istənilən məsələ Baş Assambleyada səsə qoyulmalı idi. Qərarın qəbulu üçünsə layihəni üzv dövlətlərin minimum üçdə ikisi dəstəkləməlidir.

BMT Nizamsnaməsinə istənilən dəyişikliklər və əlavələrin qəbulu üçün isə Təhlükəsizlik Şurasının 5 daimi üzvünün hamısının razılığı gərəkdir.

BMT-dəki sistem böhranının səbəbi onun strateji hədəflərinin və qarşısında duran çağırışların yanlış anlaşılmasında, yaxud mahiyyətin köhnəlməsində deyil. Problem təşkilatın bəşəriyyətin üzləşdiyi çağırışalara çox ləng reaksiya verməsi, beynəlxalq situasiyanın dəyişməsi və qlobal miqyasdakı problemlərin əksəriyyətinin daha da ağırlaşmasıdır.

Bir çox ölkələrdə sosial-iqtisadi və sosial-siyasi status dəyişiklikləri BMT-də adekvat dəyərləndirilməyib. Təşkilatın strukturundakı qurumların tam əksəriyyətinin funksiyalarının təkrarlanması, ifrat bürokratikləşmə, icra aparatının hədsiz böyüməsi ciddi nöqsanlardır.

Problemlərsə çoxdur, onların bəzilərinə ötəri, ekspozitiv olaraq nəzər salaq:

1. BMT-yə üzv olan ölkələrin “böyük” və “kiçik”lərə bölünməsi, təbii ki, inkişaf etmiş dövlətlərin imtiyazlı vəziyyəti ilə barışmayanların, yəni inkişaf etməkdə olan dövlətlərin narazılıqlarını fasiləsiz artırır. “Böyük” dövlətlərin, xüsusilə də BMT TŞ-dəki daimi üzvlərin öz maraqları olduğundan onlar təşkilatda müzakirələr zamanı “kiçik”lərin, yəni inkişaf etməkdə olan ölkələrin mənafelərini əksər hallarda nəzərə almırlar. Ümumiyyətlə, indi “böyük dövlət” kimi hansı ölkə sayılmalıdır və kriteriyalar nədir? Nüvə silahına malik olmaq, iqtisadi və elmi-texniki sahələrdə inkişaf, ərazi böyüklüyü və əhali sayı, yaşam səviyyəsi və s., yoxsa nə?

2. Hazırda BMT Təhlükəsizlik Şurasında daimi üzv statusuna iddialı olan əsas ölkələr Almaniya, İsrail, Hindistan, Braziliya, Türkiyə, Yaponiya, Cənubi Afrika Respublikası, Misir, Avstraliya, Səudiyyə Ərəbistanı, Pakistan, Çili, Argentina, Meksika, Kanada və Braziliyadır. Qlobal geosiyasətdə əvvəlki qütblər yox olub, faktiki olaraq ABŞ və Çindən ibarət bipolyar sistem formalaşıb.

3. Nüvə silahı əldə edən və ya bu silahı əldə etməyə çox yaxınlaşan ölkələrin sayı artıb, regional münaqişələrin mahiyyəti ilə məzmunu ağırlaşıb. Belə şəraitdə BMT-nin təşkilati-struktur zəifliyi daha qabarıq nəzərə çarpır.

4. Təşkilatın nəzdində yaradılmış yeni qurumların, proqramların və s. sayı həddən ziyadə olmaqla yanaşı, onların səlahiyyətləri, funksiyaları və məqsədləri dəqiq bəlli deyil.

5. BMT-nin büdcəsi rasional formalaşmır və xərclənmir, maliyyə vəsaiti faktiki olaraq volüntaristcəsinə israf olunduğundan sülhməramlı əməliyyatların mandatları belə çox çətinliklə təsdiqlənir.

6. BMT sanksiyalarının, xüsusilə də iqtisadi sanksiyaların formalaşması və tətbiqi mexanizmləri qarışıqdır, mümkün nəticələr dəqiq hesablanmır.

7. BMT-də zəruri islahatların məqsədi və çeşidi, onların reallaşma yolları və vasitələri ilə bağlı diametral əks mövqelər, ziddiyyətli maraqlar mövcuddur.

8. Əsas problem BMT-nin Təhlükəsizlik Şurası ilə bağlıdır. Təşkilatın Nizamnaməsi onun fəaliyyətini məyyənləşdirən əsas sənəd, beynəlxaq səviyyədə razılaşdırılmış anlaşma, yəni “sui generis” olduğundan islahatların müzakirəsi belə çox ağrılı, çətin prosedura çevrilib.

…BMT-nin qarşılaşdığı və yaşadığı problemlər çoxdur. Onların bəziləri obyektiv səbəblərdən yaranıbsa, əksəriyyətini BMT-nin özü yaradıb.

Böhranlar içində çırpınan BMT çıxış yolu arasa da, indiki şəraitdə və TŞ-nin mövcud heyətində həll praktiki olaraq mümkün deyil.

BMT dəyişməlidir.

Dünya dəyişdiyi üçün. /Trend/

Mənbə

Share: