Bakının yenidən tramvaya ehtiyacı var…

Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə tramvayın istifadəyə verilməsindən 100 il ötür. 1924-cü ilin 8 fevralında tramvay fəaliyyətə başlasa da, tramvay xətlərinin çəkilməsi, bunun üçün hazırlıqlara başlanması, qərarın verilməsi daha əvvəlki illərə təsadüf edir. XX əsrin ilk onilliyinin sonlarından Çar Rusiyasının mərkəzi vilayətlərində başlanan proses Qafqaza – Bakıya da gəlməli idi.

 

1910-cu ildəki plana əsasən, 2-3 il ərzində tramvay xəttinin inşası başlayaraq başa çatdırılmalı və 1913-cü ildə Bakıda tramvay istifadəyə verilməli idi. Müəyyən qədər yubanma, daha sonra isə I Dünya müharibəsinin başlanması, ictimai-siyasi təbəddülatlar, inqilablar prosesi xeyli gecikdirdi. Nəhayət, Bakının tramvaya qovuşması 1924-cü ildə baş tutdu.

 

Həmin gün ictimai nəqliyyatın ən mütərəqqi vasitələrindən biri olan tramvayın istifadəyə verilməsi böyük bayram əhval-ruhiyyəsi ilə qarşılandı, şəhərdə şənliklər keçirildi. Tramvay xəttinin inşası ilə bağlı məsələlərin həlli isə daha əvvəldən – 1922-ci ildən başlanmışdı. 1922-ci ildə Bakıda tramvayın tikintisinin layihələndirilməsinə başlanıldı. Əvvəlcə xətlərin çəkilməsinin konsessiya yolu ilə xarici firmalara verilməsi nəzərdə tutulurdu.

 

Sonradan yerli resurslar hesabına bu işi görmək barədə qərar qəbul olundu və zəruri avadanlıqların SSRİ zavodlarında istehsal edilməsi daha məqbul hesab edildi. 1923-cü ilin martında şəhərin mərkəzini dəmiryol vağzalı ərazisi ilə birləşdirən dairəvi tramvay xəttinin tikintisinə başlandı. Layihə nəinki Qafqazda, hətta SSRİ-də ən böyük tikintilərdən biri hesab olunurdu.

  

 

Bakı tramvayının ilk marşrutunun ümumi uzunluğu 6,6 kilometr olsa da, 15 il sonra – 1939-cu ildə bu göstərici 117 kilometrə çatmışdı. Açıldığı gündən 2 il müddəti ərzində Bakı tramvayı 50 milyondan çox sərnişin daşıyıb. 1967-ci ildə Bakı metropoliteninin yaradılmasına qədər tramvay şəhərin əsas ictimai nəqliyyat növü kimi böyük miqyasda sərnişindaşıma məhz tramvayın üzərinə düşürdü.

 

Sonradan metro ilə yanaşı, avtobus və trolleybus da inkişaf etsə də, tramvay hər zaman əsas ictimai nəqliyyat növü kimi seçilib. 1980-90-cı illərdə qürub çağına qədəm qoyan Bakı metrosu tədricən sıradan çıxmağa, şəbəkənin uzunluğu söküntülərə görə qısalmağa başladı. 2004-cü ildə tramvay şəbəkəsinin son xətti də söküldü və bu nəqliyyat növü yaranmasından 80 il sonra Bakını “tərk etdi”.

 

Ötən 20 il ərzində dəfələrlə tramvay xəttinin bərpası ilə bağlı məsələ gündəmə gəlsə və müzakirələr aparılsa da, real nəticə yoxdur. Hətta bir müddət əvvəl Gəncə şəhərində tramvay xətlərinin tikintisi barədə xəbərlər yayılsa da, bu da həyata keçirilməyib. Sevindirici haldır ki, ötən ilin son iş günündə – 30 dekabr 2023-cü il tarixində təsdiqlənən Bakının Baş Planında 2040-cı ilədək paytaxtda tramvayın yenidən istifadəyə verilməsi təsbit olunub.

 

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacaq yaradılacağı bildirilir. 

 

Nəqliyyat üzrə ekspert, mühəndis Azər Axundov Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb. Təqdim olunan xəritədə gələcək xətlərin sxemi əks olunub. Ən uzunu Bakı buxtasının sahili ilə – Bibiheybət qəsəbəsindən başlayaraq Mikayıl Useynov, Neftçilər və 8 Noyabr prospektləri ilə Əhmədli kəndi istiqamətində getməlidir.

 

Bu xəbər ilə bağlı

Bakı necə meqapolis ola bilər – Paytaxtın şəhərsalma problemləri


Xəbəri oxu

 

Həmçinin metronun “İçərişəhər” və “28 May” stansiyaları ərazisindən Azadlıq prospekti boyunca və Binəqədi kəndi istiqamətində uzadılmış tramvay xətti çəkilə bilər. Daha bir xətt Xətai prospektindən Tofiq Bəhramov adına stadiona və metronun “Gənclik” stansiyasına, ardınca Atatürk prospekti ilə metronun “Azadlıq prospekti” stansiyasına qədər çəkilməlidir. Ən uzun xətlərdən biri metronun “Dərnəgül” stansiyasından Ziya Bünyadov, Heydər Əliyev və Babək prospektlərinə doğru onları birləşdirərək, NZS qəsəbəsi və Bakının Ağ Şəhər ərazisindən keçərək metronun “28 May” stansiyasında bitməlidir.

 

Son illərdə Bakını ağuşuna alan tıxacların qarşısını almaq, keyfiyyətli ictimai nəqliyyat sistemi qurmaq və yollarda sıxlığı minimuma endirmək üçün tramvayların nəzərdə tutulan son hədd üzrə 2040-cı ildə yox, daha tez bərpası son dərəcə vacibdir. İnkişaf etmiş Qərbi Avropa ölkələrinin praktikasına nəzər yetirilsə, tramvay xətləri şəhərlərin əsas nəqliyyat arteriyalarını təşkil edir.

 

Unutmaq olmaz ki, tıxacların qarşısını almaq üçün yolların genişləndirilməsi piylənmədən əziyyət çəkən bədənə daha böyük ölçüdə olan paltar almaq kimi bir şeydir. İnsan mərkəzli konsepsiya əsasında şəhərlərin salınması və yenidən qurulması məhz ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsindən, bu sahədə keyfiyyətli, komfortlu və punktual mexanizm əsasında xidmət göstərilməsindən keçməkdədir.

 

Bunun üçün ictimai nəqliyyat növlərinin diversifikasiyası, təkcə avtobus və metro nəqliyyatına söykənmədən tramvay, trolleybus, metrobus kimi ictimai nəqliyyat növlərinin də fəaliyyət göstərməsi önəmlidir. Keyfiyyətli ictimai nəqliyyat tədricən insanların avtomobildən imtinasına, yolların salınması üçün nəzərdə tutulan ərazilərdən daha səmərəli istifadəyə gətirib çıxaracaq.

 

Yolların genişləndirilməsi praktikası isə əks effekt verərək insanları avtomobildən istifadəyə stimullaşdırır. Keyfiyyətsiz, saatlarla tıxacda ilişib qalan, natəmiz avtobuslarda, basabas və intervaldan geri qalan metro qatarlarında vaxt keçirən insanların avtomobilə yönəlməsi labüddür. Bütün şəhəri əhatə edən avtobus və velosiped zolaqlarının ayrılmasından və ən əsası tramvayın bərpasından sonra Bakı rahat nəfəs alacaq…

 

Modern Təhlil və Araşdırma Qrupu

Mənbə

Share: