Balakənddə kənd yolları abadlaşdı

Balakən rayonunda uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci km-dən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulması yekunlaşıb.

Bu barədə “Millətin Səsi.az”-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yol boyu yerləşən yaşayış məntəqəsinin əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.

Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilib, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılıb. Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və 1 dördbucaqlı su keçidi inşa edilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olandan sonra asfaltlanma işləri icra olunub. Belə ki, yolun təqribən 230 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Share: