Baş infeksionist: “İnsanlar karantindən bezib və yorulublar”

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı ölkə üzrə xüsusi karantin rejiminin 31 avqust saat 00:00-dək tətbiq olunması qərara alınıb.
Hazırda 13 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi davam edir. Avqustun 5-i saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsiilə tərk etmək sistemi ləğv olunub.

Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi tətbiq olunan ərazilərdə açıq havada olan kafe və restoranların fəaliyyəti də bərpa olunub. Son vaxtlar koronavirusa yoluxma sayı və ölüm hadisələrində azalma müşahidə olunur. 16 avqustda isə ümumilikdə ölüm faktı qeydə alınmayıb.
Rəsmilər hələlik ölkənin epidemioloji durumunda stabilləşmə olduğunu qeyd edirlər.

Maraqlıdır, belə vəziyyətdə ölkədə elan olunan xüsusi karantin rejiminin daha da uzadılma ehtimalı varmı?
Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev bildirib ki, karantin rejiminin 31 avqustda bitəcəyi və ya daha da uzadılacağını indidən söyləmək çətindir:
İnsanlar bu karantindən bezib və yorulublar. Əlbəttə ki, vəziyyət imkan versə, karantin rejimi aradan qaldırılacaq. İmkan verməsə, daha da uzadıla bilər. Yoluxma həddi yüksəlsə və davam etsə, başqa əlac yoxdur. Yoluxma ilə bağlı statistika ikirəqəmliyə düşüb. Orada 15-18 rəqəm fərqləri olur. Bu, infeksiyanın gedişində müşahidə olunan adi haldır. Ona görə yoluxma yüksəlir və ya enir demək olmaz. Yoluxmada enməni o vaxt deyə biləcəyik ki, əvvəlki – mayın 27-dək olan statistikanı, birrəqəmlini müşahidə edəcəyik. Gördüyünüz kimi, dünən ölüm hadisəsi olmadı. Ümumi götürəndə stabilləşmə və ya sabitləşmə var. Yəni ümidverici irəliləyişlər görürük. İnsanlarımız karantin davranışlarına və tövsiyələrə bu şəkildə əməl etsələr, durum qalıcı olacaq və gələcək yumşalmalara da gedəcəyik”. (azerforum.com)

Share: