Baş Prokurorluq tərəfindən treninq təşkil edilib

Cinayətkarlıqla mübarizə sahəsində prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatlarının işgüzar əlaqələrinin möhkəmləndirilməsi, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi, istintaq sirri təşkil edən məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən kompleks tədbirlər görülür.

 

Moderator.az xəbər verir ki, həyata keçirilən tədbirlərin davamı kimi, oktyabrın 25-də Baş Prokurorluq tərəfindən “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq təşkil edilib.

 

Medianın bütün növ qrupları (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsinin iştirak etdiyi treninq proqramı Baş Prokurorluğun Metbuat xidməti və Elm-Tədris Mərkəzi tərəfindən hazırlanıb.

Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən bu gün iştirakçılar qarşısında brifinq formatında çıxış edən Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Həmçinin treninqin iştirakçıları xüsusi maraqla Real TV-nin baş direktoru Mirşahin Ağayevin nitqini dinləyib, eləcə də dəyirma masa formatında keçirilmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimovla və Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova ilə görüşdən məmun qaldıqlarını ifadə ediblər. 

Müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə olunan treninq üzrə maarifləndirici tədbirlər Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təyinatına uyğun (brifinq, çıxış, təqdimat, dəyirmi masa və sair) auditoriyalarında sabah davam etdiriləcəkdir.

Treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Mənbə

Share: