Dövlətin həyata keçirdiyi gənclər siyasəti prokurorluq orqanlarında da öz bəhrəsini verir.
Report-un əldə etdiyi məlumata görə, Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir. Şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə aparılan işə qəbulun bu mütərəqqi yolu prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb. Təqdirəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər.
Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokurorun köməkçisi, ədliyyə müşaviri Z.Axundzadənin Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilməsi ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur.
Əldə etdiyimiz məlumata görə, Z.Axundzadə Baş prokurorun köməkçisi vəzifəsindən əvvəl, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ayrı-ayrı idarələrində prokuror və digər məsul vəzifələrdə çalışıb.