“Baş verənlər Ermənistanla Rusiyanın boşanma prosesidir…”

“Putin, Ermənistandan cəhənnəm ol!”…

 

“İrəvanda 2020-ci ilin müharibəsindən bəri ehtiyatlı, ürkək, alçaldılan və sındırılan Putin üçün görünməmiş olay baş verib…”

 

“Rusiya yüz ildən artıq zaman kəsiyində bizi yeni soyqırımla qorxudub və müstəmləkə asılılığında saxlayıb…”

 

“Beyinlərimizə yeridilib ki, ruslar olmadan türklər hamımızı məhv edəcək, bu mif çox uzun çəkib, amma hər şeyin bir sonu var…”

 

“Qarabağ ermənilərini inandırıblar ki, Rusiyaya birləşsələr, hər şey yaxşı olacaq, amma bu, təmiz Donbas deməkdir…”

 

“Ermənistan Türkiyə ilə Azərbaycan arasında sıxılıb qalıb, Gümrüdə rus bazası, Qarabağda yaxşı hazırlıq keçmiş və çox gözəl silahlanmış 5000 rus əsgəri var. Putinin bircə sözü ilə sizi bir neçə günə məhv edə bilərlər…Siz nəyə bel bağlayırsınız?..”

 

“Yeganə ümid Putin rejiminin məğlubiyyətinədir, Rusiya müharibəni uduzacaq, Ermənistan və Gürcüstan Avropa İttifaqına üzv olacaq…”

 

“Ermənilər qədimliyi ilə öyünür, amma siyasi millət kimi yenicə doğuluruq…Dünya xəritəsində qalmaq istəyiriksə, bizdən maksimum iradə və səbr tələb olunur…”

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən sammitində qalmaqal baş verib və bu, nəticəsiz qalmayacaq. Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putini təhqir edib. O, Ermənistan-Azərbaycan münasibətlərinə aid bəyannaməni imzalamaqdan imtina edib və Rusiya prezidentinin üzünə deyib: nədən KTMT Azərbaycanın davranışına qiymət vermir, öz üzvünə kömək göstərmir, Rusiya Ermənistanı xilas etmir (nədənsə, belə hesab edilir), ona xəyanət edib alçaldır?..

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

 

Hələ bir il öncə belə bir şeyi təsəvvür etmək olmazdı. Paşinyan Moskvaya uçur, günahkar görkəmlə Putinin göstərişlərini dinləyərdi. Rusiya XİN rəhbəri Sergey Lavrov İrəvanda peyda olaraq ermənilərdən nəsə tələb edərdi. Ümumi mənzərə belə olub: böyük qardaş kiçik qardaşı pis davranışa görə məzəmmət edib.

 

Ermənistanla Azərbaycan  arasında növbəti eskalasiya martda başlayıb, yayda səngiyib, payızda yeni vüsətlə alovlanıb. Ermənilər rusiyalı sülhməramlıların müdaxiləsini gözləyib- Qarabağda Rusiyanın sülhməramlı kontingenti əbəs yerə dayanmayıb ki? Gözləyirdilər ki, KTMT öz sözünü deyəcək, bu təşkilat sanki öz üzvlərinə yardım etməlidir. Gümrüdə Rusiyanın 102-ci bazasından da gözləntilər olub-İrəvan üzərindən  MİQ-lər havayı uçmur ki? Nəhayət, Putinin Bakıya zəng vurub məsələni yoluna qoyacağına ümidlər də olub…

 

Bunların heç biri baş verməyib və səbr daşıb. İrəvanda antiPutin mitinqləri və KTMT-dən çıxmaq barədə kütləvi küçə yürüşləri başlayıb. Şüarlar səsləndirilib: “Putin qatildir!”, “Putin, Ermənistandan rədd ol!”, “Putin-persona-non-grata!”. Rusiya səfirliyi, opera binası qarşısında dayanıb, şəhərin mərkəzinə yürüş edilib. Müharibə başlanandan antiPutin etirazları rus mühacirləri və ukraynalı qaşqınların deyil, ermənilərin işinə çevrilib.

 

İndi hamı bunun nəticəsini gözləyir. Ehtimal ki, Rusiya belə davranışı cəzasız qoymayacaq. Məhz buna görə də uzun müddət dözüb, buna getmək istəməyiblər. Amma qətiyyətli addım atılıb, daha geriyə yol yoxdur.

 

Etirazlara səbəb və hadisələrin bundan sonrakı inkişafı barədə “Detaly” nəşrinə Ermənistanın Avropa partiyasının lideri və antiPutin çıxışlarının təşkilatçılarından biri Tiqran Xemalyan danışıb.

 

– Nədən bunlar məhz indi başlayıb? Dözdünüz, dözdünüz və birdən?..

 

– Putin buna çox çalışıb. Uzun illər ərzində biz, müxalif partiya olaraq, Putinin bir ildən də az müddətdə etdiklərini bacarmadıq. Hələ yeddi il öncə Baqramyan prospektində Avropa İttifaqının  bayrağını yumruqlarımızla müdafiə edirdik. Biz piketlər təşkil edib rus işğalçı ordusunun Ermənistandan çıxarılmasını tələb edirdik. Rusiya səfirliyi,  102-ci bazanın qarşısında dayanırdıq. Lakin biz az idik, bir yığın idik, indi isə bu, cəmiyyətin səsidir və bu səs getdikcə daha da ucalır.

 

Bu gün gördüklərimiz Ermənistanla Rusiyanın boşanma prosesidir. KTMT-nin indiki sammitində bu, hüquqi cəhətdən formalaşıb. Paşinyan nümayişkaranə gözəl adı olan “Ermənistana birgə yardım haqqında” bəyannaməni imzalamaqdan imtina edib. Bu, Putinlə kəskin polemika ilə müşayiət edilib. 2020-ci ilin müharibəsindən bəri ehtiyatlı, ürkək, alçaldılan və sındırılan Putin üçün görünməmiş olay baş verib!

 

– Bu, zahirən çox korrekt görünürdü, hərçənd, bu, əlbəttə ki, üsyandır…

 

– Ümumiyyətlə, son 30 ildə biz keşmiş SSRİ-nin ərazisində başqa millətlərə nisbətən daha tez-tez üsyan qaldırmışıq. 1996-cı ildə Ter-Petrosyanın prezident seşkiləri saxtalaşdırıldıqdan sonra xalq parlamentə hücum çəkib, hasarı sındırıb, etirazçılara qarşı qoşun çıxarılıb. 1999-cu ildə Ermənistanda misli görünməmiş terror aktı baş verib: birbaşa parlamentdə baş nazir, bir neçə nazir və deputat güllələnib. Litvinenko ölüm ayağında təsdiq edib ki, bu, Rusiyanın xüsusi xidmət orqanlarının əl işidir.

 

Rusiyanın bir sıra siyasi texnologiyaları Ermənistanda fitnə-fəsad törədib: seçkilərin saxtalaşdırılması, “karusellər”, feyk partiyaların yaradılması, informasiya məkanının ələ keçirilməsi. Ermənistan buna 2002, 2004, 2008, 2012-ci illərdə üsyanlarla cavab verib…Praktiki olaraq bütün prezident seçkiləri etirazlarla müşayiət edilib. Nəhayət, 2018-ci ilin inqilabı baş verib.

 

– Hə, “məxməri inqilab”. Belə bir versiya var ki, bu, elitaların sövdələşməsi olub…

 

– İstisna etmirəm, amma bu, heç də həmişə pis bir şey deyil. Faktiki olaraq həyat daha yaxşı olub. Bu günlər məni antiPutin mitinqinin təşkilatçısı kimi saxlayıb, amma son dərəcə nəzakətli davranıb, qəhvəyə qonaq edib, hətta axtarış da aparmayıblar. Sonra üzr istəyib buraxıblar. Əvvəlki prezidentlər Serj Sarkisyan və üstəlik Robert Koçaryanın zamanında mən belə asanlıqda canımı qurtara bilməzdim.

 

– Hətta cərimə də etməyiblər?

 

– Nəyə görə ki? Onlar mənə dedilər: “Siz ki, hər şeyi anlayırsınız…” Və həqiqətən, mən anlayıram. Birinci dəfə bu, Lavrov gələndə baş verib, biz o zaman etiraz aksiyası planlaşdırmışdıq, indi də Putin gəlib. Bunun kimin sifarişi olduğu barədə baş sındırmağa dəyməz.

 

– Bu mitinqlərə çoxmu insan qatılır?

 

–  O qədər də yox, təxminən min beş yüz nəfər. Amma baxır nə ilə müqayisə edirsən. Hələ iki il öncə 20 nəfər çıxırdı. Əsas odur ki, proses başlayıb, aksiyalar bir-birinin ardınca baş verir, bizimkilər olsun, ya başqaları, fərq etməz. Bu, aşağıdan olan təşəbbüsdür, onu dayandırmaq mümkün deyil, mitinqlər onsuz da davam edəcək.

 

– Hər halda nədən bütün bunlar məhz indi baş verir?

 

– Səbrimiz daşıb. Rusiya hakimiyyəti yüz ildən artıq zaman kəsiyində bizi yeni soyqırımla qorxudub ki, müstəmləkə asılılığında saxlasın. Bu, beyinlərə işləyib: ruslar buradan getsələr, türklər hamımızı qıracaq. Ruslar olmadan bizim məhv olacağımız barədə mif çox uzun müddət mövcud olub, amma hər şeyin bir sonu var. 2020-ci ildən başlayaraq biz görürük ki, Rusiya sülhməramlı adı altında gizlənərək torpaqlarımızı təslim edir. İndi kor da görür ki, bu, yardım deyil, birbaşa xəyanətdir. Sammitdə Paşinyan Putinin üzünə cəmiyyətimizin ittihamını çatdırıb. 66 erməni əsiri üzdəniraq sülhməramlıların gözü qarışısında Azərbaycana təhvil verilib. Bir var bunu mən, müxalif partiyanın lideri kimi deyirəm, bir də var baş nazir deyir. Bu, artıq legitimdir, dövlətin mövqeyidir. Rusiya ermənilərə xəyanət edir, o, bunu az qala açıq mətnlə deyib.

 

– O zaman Rusiyaya deyil, kimə bel bağlamaq olar?

 

– ABŞ Konqresinin nümayəndə heyəti, Franda Senatı ən yüksək səviyyədə ermənilərə deyir ki, siz tək deyilsiniz, sizi tənha buraxmarıq. Spiker Pelosi gəlib bunları deyib: demokratiya uğrunda mübarizə cəbhəsi Birləşmiş Ştatlardan Tayvanadək, Ukraynadan Ermənistanadək uzanıb gedir. 2020-ci ilin yazında ABŞ və Fransa səfirləri Qarabağda gecələyib. Sentyabrdakı hərbi qarşıdurmanı rus kontingenti deyil, Qərb diplomatiyası və siyasi təzyiqi dayandırıb. Bu gün də Qarabağda Donbas ssenarisi təhlükəsi var. Qarabağ erməniləri Ermənistana birləşmək perspektivinə skeptik yanaşır, onları inandırıblar ki, Rusiyaya sığınsalar, hər şey yaxşı olacaq. Bu, təmiz Donbas deməkdir, həmin fəlsəfədir.

 

– Qarabağ Rusiyanın nəyinə lazımdır? Özünün problemləri azlıq edir?

 

– Xəritəyə nəzər salın. Qarabağsız Süniki almaq olmaz. Sünik isə Zəngəzur dəhlizinin açarıdır. 16 mart 1920-ci ildə Sovet Rusiyası ilə Kamal hökuməti arasında dostluq və qardaşlıq haqqında Müqavilə imzalanıb, Ermənistanın cənubundan quru yol dəhlizi yaradılıb: Naxçıvan, Zəngəzur, Qarabağ. Türkiyə ilə Azərbaycanı birləşdirən dəhliz. Yüz ildən sonra bu, yenidən aktualdır.

 

Putin istəyir ki, Türkiyə xammal qovşağı olsun, Rusiya qazı Azərbaycan qazı adı altında başqa ölkələrə satılsın və, beləliklə, sanksiyalardan yan keçilsin. Ermənistanla Gürcüstan təcrid edilsin. Zəngəzur dəhlizi Ermənistanı İrandan ayırsın, Çindən yüklər, Gürcüstanın bel bağladığı kimi, Türkiyəyə getsin. Qara dəniz xilas etməyəcək, xüsusilə nəzərə alsaq ki, orada hərbi əməliyyatlar gedir.

 

– Bunun indiyədək baş vermədiyi aydın deyil. Ermənistan Türkiyə ilə Azərbaycan arasında sıxılıb qalıb, tamamilə müdafiəsiz təsir bağışlayır. Ruslar da sizə qarşı olsalar…Gümrüdə rus bazası, Qarabağda yaxşı hazırlıq keçmiş və çox gözəl silahlanmış 5000 rus əsgəri-erməni ölçülərinə görə çox ciddi məsələdir. Putinin bir sözü ilə sizi bir neçə günə məhv edə bilərlər.

 

– Ukrayna olmasaydı, bizim bircə şansımız da olmazdı, bunu anlayırıq. Ona görə də deyirik: “Bizim və sizin azadlığınız uğrunda!” Biz Ukrayna cəbhəsində baş verənlərdən birbaşa asılıyıq. Təkcə biz yox, bütün dünya asılıdır, ukraynalılar hamının əvəzinə döyüşür. Amma biz də onlarla birlikdə vuruşuruq, bu gün Ermənistanda baş verənlər faktiki olaraq ikinci cəbhədir.

 

– Amma bu zaman kimsə Ermənistanın Ukraynanı siyasi səviyyədə dəstəkləməsini heç vaxt eşitməyib.

 

– Mən şəxsən baş naziri BMT-də Ukrayna əleyhinə səs verməməyə inandırmışam. Yüksək tonda danışırdıq, çox ağır idi, amma nəticədə Ermənistan bitərəf qalıb və o zamandan beynəlxalq formatlarda bir dəfə də Ukraynanın əleyhinə səs verməyib.

 

– Amma lehinə də səs verməyib.

 

– Səs verərdi, əgər ölkə müstəqil olsaydı. Ermənistan girovdur, onu boğazından tutub saxlayırlar. Ermənistanın sənayesi və energetikası hələ Koçaryanın zamanında Rusiyaya və arxalarında Putinin dayandığı oliqarxlara verilib. Verdiklərimizin müqabilində gülməli olan 110 milyon borca görə. Koçaryan isə bundan sonra öz sərvətini dəfələrlə artıraraq milyardçıya çevrilib.

 

Üstəgəl, bizi Qarabağla şantaj edirlər. Artıq hamı anlayıb: ermənilər amerikalılar və Avropa İttifaqı ilə danışıqlara gedəndə, Kremlin tələblərinə tabe olmayanda, dərhal sərhəddə atışma başlayır.

 

– Paşinyan isə Putinlə qarşıdurmaya gedir. İndi yəqin ki, bunun nəticəsi olacaq?

 

– Buna şübhə etmirəm və biz buna hazırıq. İşığımızı kəsə bilərlər. Terror aktı törədə bilərlər. İqtisadiyyatımızı çökdürə bilərlər. Paşinyanı öldürə bilərlər. Bu barədə artıq “Vahid Rusiya”dan Konstantin Zatulin deyib, yeri gəlmişkən, onun Ermənistana girişinə qadağa qoyulub. O, Paşinyanı Misir prezidenti Ənvər Sadatla müqayisə edib, məlum olduğu kimi, o, Kemp-Deviddə sülh sazişindən sonra qətlə yetirilib. Mən hələ sadə təzyiq üsulu olan müharibədən danışmıram.

 

– Vəziyyət ümidsiz təsir bağışlayır, siz nəyə ümid edirsiniz?

 

– Putin rejiminin məğlubiyyətinə. Onların  zamanı çatmayacaq, onlar son günlərini yaşayır. Ruslar indiki sərhədlərində qala bilməyəcək. Rusiya müharibəni uduzacaq. Ermənistan və Gürcüstan yaxın iki-üç ilə Avropa İttifaqının əvvəlcə namizəd, sonra üzvü olacaq. Ermənistan qeyri-rəsmi, Gürcüstan rəsmən dəvət alıb. Burada Avropa bitir, burada Avropa İttifaqının müşahidəçiləri var, bu da elə Avropa İttifaqının sərhəddi deməkdir.

 

Lakin indi dünya xəritəsində qalmaq istəyiriksə, bizdən maksimum iradə və dözüm tələb olunur. Ermənilər qədim millət olması ilə öyünür, amma siyasi millət kimi yenicə doğuluruq. Bütün bunlar dayanıqsızdır, biz son həddəyik. Bu, tamamilə yeni bir dünyadır. Və bu dünya gözlərimiz qarşısında doğulmaqdadır.

 

Müəllif: Yan Şenkman,

“Detaly”

Mənbə

Share: