Basketbol üzrə Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək

Basketbol üzrə Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək

Basketbol üzrə Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

 

Bu barədə “Report”a yığmanın baş məşqçisi Tahir Baxşıyev məlumat verib.

 

O bildirib ki, komanda 2024-cü ilin fevralında qardaş ölkəyə yollanacaq və dünya çempionatının seçmə mərhələsində İsveçrə ilə baş tutacaq görüşün hazırlığını orada keçəcək: “Fevralda basketbolçular klublarında çıxış edirlər. Buna görə də toplanış üçün çox vaxt olmayacaq. Türkiyədə 7-8 günlük hazırlıq keçməyi planlaşdırırıq. İsveçrəyə də birbaşa oradan gedəcəyik”.

 

Baş məşqçi Türkiyədə bir və ya iki yoxlama görüşü keçirmək fikrində olduqlarını söyləyib: “Milliləşənlər Dante Holl və Zaq Leday, eyni zamanda, ölkə xaricində çıxış edən digər basketbolçularımızın heyətə nə vaxt qoşulmalarından çox şey asılı olacaq. Azərbaycan çempionatında oynayanlarla Türkiyəyə yollanacağıq. Digərləri bizə orada qatılacaqlar. Fevralın 17-də sınaq matçımız olacaq. Legionerlər düşərgəyə tez gəlsələr, ayın 19-da daha bir yoxlama görüşü keçirəcəyik. Rəqiblər yəqin ki, yanvarda müəyyənləşəcək”.

 

Tahir Baxşıyev milliləşdirilən basketbolçuların hər ikisinin yığmada olacağını vurğulayıb: “Ancaq qaydalara görə, İsveçrə ilə rəsmi görüşdə biri meydana çıxa biləcək”.

 

O, baş məşqçi kimi millidəki debüt qarşılaşmasında qələbə arzuladığını sözlərinə əlavə edib: “İstənilən oyunda məqsəd qələbə olur. Təbii ki, çətin olacaq. Azərbaycan millisi çoxdandır yarışlarda iştirak etmir. Üstəlik, heyət dəyişib, gənclər çoxluq təşkil edir. Buna baxmayaraq, hamımız qələbə qazanmaq istəyirik”.

 

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin İsveçrə – Azərbaycan oyunu fevralın 22-də keçiriləcək.

 

Mənbə

Share: