“Başqalarının kiçik səhvlərini böyüdüb onlardan inciyən insan öncə özünə baxmalıdır…” 

“Ola bilər ki, biz yanılırıq. Bəlkə də həqiqətdə onun hərəkəti doğrudur. Biz bunu bilə bilmərik. Çünki hər insan dünyanı öz pəncərəsindən görür. Bizim gördüyümüzün mütləq mənada doğru olduğunu iddia edə bilmərik…”

 

İNSAN SEVGİSİ…

 

 

İnsaflı yanaşma…

 

Bu mövzuya başqa yöndən də baxa bilərik: Yəni insanlar arasında sevgi və qardaşlığa səbəb olan onlarla səbəb var. Düşmənlik və münaqişələrin isə ciddi bir əsası yoxdur. İnsan bəzi kəslərə və ya qruplara hər hansı səbəbdən ötrü nifrət edə bilər. Bəzilərinin müəyyən davranışlarından xoşu gəlməyə bilər. Ancaq bu və bənzər düşmənliklər adətən çox da ciddi bir səbəbə əsaslanmır. Tutalım bir möminin digərindən xoşu gəlmir. Onun müəyyən hərəkətlərini gözü götürmür. Görəsən, hal və hərəkətlərini xoşlamadığı həmin şəxsin insanlığa, İslama zidd davranışları varmı? Harama mübtəla olubmu? Öhdəliklərini yerinə yetirmirmi? Allaha üsyan edirmi? Müqəddəs dəyərlərə hörmətsizlik edirlmi?..

 

Bu və bənzər sualları artıranda insanlar arasındakı kin və qəzəbin, əsaslı bir səbəbi olmadığını, kin və düşmənçiliyin fərqli temperamentlərdən, fikirlərdən, gözlənti və seçimlərdən irəli gəldiyini görərik. Məsələn: Tutalım kiminsə, hərəkəti bizim xoşumuza gəlmir. Ola bilər ki, biz yanılırıq. Bəlkə də həqiqətdə onun hərəkəti doğrudur. Biz bunu bilə bilmərik. Çünki hər insan dünyanı öz pəncərəsindən görür. Bizim gördüyümüzün mütləq mənada doğru olduğunu iddia edə bilmərik. Heç bir əsası olmayan əhəmiyyətsiz müəyyən məsələlərdən ötrü ətrafımızdakı insanlardan incisək, onlara haqsızlıq etmiş olarıq…  

 

Ola bilər ki, bəzi insanlar da etməməli olduqlarını edir və ya etməli olduqlarını etmirlər. Yaddan çıxarmayaq ki, hər insan eyni xarakterə sahib deyil və ola da bilməz. Buna görə də hər insan bir işi eyni şəkildə görmür. Vaxtaşırı müəyyən anlaşmazlıqlar yaşanır. Belə vəziyyətlərdə həmin insanlara anlayışlı davranmaq, hər kiçik xətalarını üzlərinə vurmamaq lazımdır. Onlara imkan (möhlət) vermək lazımdır ki, özünü yenidən nəzərdən keçirsin və səhvlərini düzəltsin. Burada belə sevgi dili ilə hərəkət etmək lazımdır. Çünki sevginin həll etmədiyi problem, açmadığı qapı yoxdur…

 

Ətrafındakıların kiçik səhvlərini böyüdən və buna görə onlardan inciyən insan əvvəlcə, özünə nəzər salmalıdır. Əgər insan özünü hesaba çəkərək hərəkət və davranışlarını götür-qoy etsə, başqalarında gördüyü və narahat olduğu bir çox davranışın əslində özündə olduğunun fərqinə varar. Bu fərqindəlik sayəsində başqalarının səhvlərinə göz yummağı və anlayışla qarşılamağı öyrənər. Xülasə, özümüzdəki mənfi hərəkət və davranışlara görə başqalarını günahlandırmaq və onları qınamaq doğru deyil…

 

(Davamı var)

 

Meneviyyat.az

 

Mənbə

Share: