Ermənilərin ənənəvi ağlaşma günü olan 24 aprelə bir ay qalır. Bu dəfə onların ümidləri ABŞ-ın yeni prezidenti Co Baydenədir. Özünün uzun siyasi karyerası boyunca ermənipərəstliyini zaman-zaman büruzə vermiş demokrat-prezidentə.
Qeyd edək ki, az öncə bir qrup ermənipərəst konqresmen Ağ Ev başçısına müraciət ünvanlayaraq, onu saxta genosidi tanımağa çağırıblar. Həm bu faktdan, həm də Baydenin Amerika erməni lobbisinə “bir köynək” yaxın olmasından çıxış edən erməni ekspertlər artıq indidən əllərini-əllərinə sürtməyə başlayıblar. Onların qənaətincə, bu il ABŞ prezidentinin “soyqırım” sözünü işlətməsi ehtimalı faktiki, 100%-ə bərabərdir.
Hərçənd kiçicik əl yeri də qoyurlar. Bildirirlər ki, “genosid” məsələsi Birləşmiş Ştatlar üçün “tarixi ədalətin bərpası” məsələsindən çox, geosiyasi məsələdir. Yəni dolayısıyla ermənilərdən böyük siyasətdə təzyiq “kartı” kimi, maşa qismində istifadə olunduğunu boyunlarına alırlar. Bu “kart”dan kimə qarşı istifadə olunduğu da çoxdan məlum – Türkiyə…
Bəs Bayden sələflərindən fərqli olaraq, 24 apreldə “soyqırım” sözünü işlədəcəkmi?
Əvvəla, ermənilərin ümidləri, bizcə, şişirdilib. Doğrudur, əvvəlki prezidentlərlə müqayisədə Baydenin “soyqırım” sözü işlətməsi ehtimalı yetərincə yüksək görünür. Lakin prezident seçki kampaniyasında verdiyi sözə rəğmən (adətən namizədlərin hamısı belə vədi verir), ehtimal yüz faiz deyil. Təxminən 50:50–yədir.
Hər necə olmasa, bir var, vaxtilə konqresmen kimi bu işə dəstək verəsən və ABŞ-Türkiyə münasibətləri üçün heç bir məsuliyyət daşımayasan, bir də var ölkə rəhbəri kimi erməni maraqlarının yedəyində gedib də böyük bir dövlətlə – regional super-güc Türkiyə ilə bu basabasda münasibətləri daha da qəlizlışdirəcək addıma qol qoyasan. Azərbaycan kimi bölgənin açar dövlətini və xalqını umsuq eləmək də öz yerində.
Bir ovuc erməninin Baydenə çəpik çalmasından savayı bu, ABŞ-a nə verəcək ki? 78 yaşlı Baydenə ölkənin erməni kökənli seçiciləri bir daha gərək olmayacaq. Çünki çətin ki, o, növbəti seçkilərdə (2024 ) prezidentliyə iddiaçı olsun. Bəzi məlumatlara görə, onun hətta hazırkı prezidentlik müddətini axıradək başa vuracağına şübhələr var.
Düzdür, keçən il ABŞ Konqresinin hər iki palatası uydurma məsələsini təsdiqləyən qətnamələr qəbul edib. Əsasən də S-400 sistemləri ilə bağlı Moskva ilə anlaşma imzalamış rəsmi Ankaranın acığına, nəinki deyildiyi kimi, hansısa “tarixi ədalətin bərpası” xətrinə. Ancaq Birləşmiş Ştatlar bununla nə qazandı, öz hədəfinə çatdımı? Xeyr. Pislik özlərinə qaldı. Eləcə də Bayden “genosid”i tanısa, yaxşıya heç nə dəyişməyəcək. Qardaş ölkə o saat “sözəbaxan” dövlətə çevrilməyəcək.
Yeri gəlmişkən, dünən Türkiyə baş diplomatı Mövlud Çavuşoğlu Brüsseldə NATO tədbirində bəyan edib ki, bu mövzu qapanıb. Yəni o, ABŞ-a faktiki arxaya yox, qabağa baxmağı təklif edib. İndi bunun üstündən Baydenin, təzədən “qaşınmayan yerdən qan çıxarmaq” istəməsi Vaşinqtona nə verəcək? ABŞ-la, NATO ilə münasibətləri az qala, qırılma həddinə çatmış (özü də Qərbin günahı üzündən!) Türkiyəni əsrin yalanına görə itirməyə dəyərmi? Hər necə olmasa, köhnə, stajlı siyasətçi kimi Bayden bütün bunları bizdən daha yaxşı hesablaya bilər. Bir də ki, eyni “günaha” görə, iki dəfə “cəza” verilməz. Konqresin qətnamələri onsuz da aranı xeyli açıb…
Baydenin “soyqırım” deməyəcəyinin xeyrinə olan daha iki mühüm məqam var. Onlardan biri Ağ Ev rəhbərinin az öncə Azərbaycan Prezidentinə Novruzla bağlı göndərdiyi və erməniləri bərk məyus edən təbrik məktubudur. Hansı məktubda ki, o, Qarabağla bağlı ermənilərin gözləntilərini puç eləmiş, onların istəyinə uyğun ifadə işlətməmişdi, əksinə, ABŞ-ın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulamışdı.
Təbrik məktubunun göndərildiyi ərəfədə isə Co Bayden hökuməti Ermənistanın öz qonşuları Azərbaycan və Türkiyə ilə barışıq yolu tutmasının tərəfdarı kimi çıxış etmişdi. Belə ki, Dövlət Departamentinin ABŞ və Ermənistan arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün 150 min dollar məbləğində qrant ayıracağı və həmin qrantın həm də İrəvanın Bakı və Ankara ilə barışığını ehtiva elədiyi məlum olmuşdu. “Söhbət həmçinin ermənilərin Türkiyə və Azərbaycan sakinləri ilə dostluq münasibətlərinin bərpasından gedir” – sənəddə vurğulanırdı. Yəni ayrılan qrant Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələrinin qurulmasına da stimul verməlidir.
Aydındır ki, Baydenin “soyqırım” deməsi erməniləri, ələlxüsus Ermənistan toplumuna hələ də ciddi təsir imkanlarını saxlayan dünya erməni lobbisini Türkiyə və Azərbaycana qarşı daha radikal ovqata kökləyəcək, ümumən erməniləri şirnikləndirəcək. Deməli, bölgədə böyük barışıq bir qədər də əlçatmaz ola bilər.
***
Bu arada ermənilərin əxlaq brendi olan Kim Kardaşyan və onun bacısı ilə anası da Baydenə müraciət edərək, ABŞ prezidentini 24 apreldə “soyqırım” deməyə çağırıb. Vəssalam. Daha bundan o yana kənd yoxdur. Bir işə ki, Kardaşyan qol qoydu, Ağ Evin sahibi bir azdan gizlənməyə yer axtaracaq.
Zarafat qırağa dursun, əslinə qalsa, Bayden bu qoca yaşında heç də asan dilemma ilə üzləşməyib…
Musavat.com