Bayden qasırğanı bəhanə etdi, Ramşteynə gəlmədi

Bayden artıq yaşlanıb. Yaşla əlaqədar xəstəlikləri var, uzaq səfərlərə çıxa bilmir. Artıq prezidentlik müddəti də başa çatmaq üzrədir. 2 ay sonra Baydenin səlahiyyətləri bitəcək. Buna görə, həm səfərlərin, həm də görüşlərin sayını azaldıb.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Co Baydenin “Milton” qasırğası ilə əlaqədar oktyabrın 10-15-də Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmasını şərh edərkən deyib.

O, Baydenin qasırğadan bəhanə olaraq istifadə etdiyini bildirib:

“Məsələn, bu gün Laosun paytaxtında ASEAN sammiti başlayır. O, toplantıya özü getmədi, Blinkeni göndərdi. İndi qasırğa da bir bəhanədir. Qasırğa ilə prezident mübarizə aparmır ki! Sırf yaşlı olduğu, xəstəlikləri və prezidentlik müddətinin bitməsinə az qaldığı üçün bu cür toplantılara qatılmır”.

Qeyd edək ki, oktyabrın 12-də Almaniyadakı Ramşteyn hərbi bazasında Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun görüşü keçirilməlidir. Bu toplantı əhəmiyyətinə görə əvvəlki Ramşteyn görüşlərindən fərqlənir və ABŞ Prezidenti Co Baydenin də toplantıya qatılacağı, iclasa sədrlik edəcəyi Ağ Ev tərəfindən elan edilmişdi.

Bundan başqa, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ramşteyn görüşündə “qələbə planı”nı təqdim edəcəyi də gözlənilir.

Share: