Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Milletinsesi.az-a bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Gürcüstan yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərinin bir çox aspektləri üzrə fikir mübadiləsi aparıblar.
Gürcüstan Baş naziri Azərbaycan Respublikasının Prezidentini cari ilin 19 sentyabr tarixində çıxışı zamanı Gürcüstan ilə bağlı söylədiklərini minnətdarlıq ilə qeyd edərək, bu çıxışın Gürcüstan ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul edildiyini qeyd edib.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstan Baş nazirinin diqqətinə çatdırıb. Mehriban qonşuluq və dostluq mümasibətlərinə əsaslanan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrimizin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Tərəflər birgə həyata keçirilən irimiqyaslı regional layihələr, o cümlədən enerji, nəqliyyat sahəsində layihələrin nəinki iki ölkə, həmçinin bölgə üçün əhəmiyyətini qeyd ediblər. Bu xüsusda yeni layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. İki ölkə arasında mövcud tranzit imkanlarının gələcəkdə daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Hazırda dünyanın üzləşdiyi pandemiya ilə mübarizə çərçivəsində iki ölkənin qarşılıqlı əməkdaşlıq münasibətlərinin, xüsusilə daşımaların maneəsiz davam etdirildiyi xüsusilə vurğulanıb.
Tərəflər, həmçinin humanitar, mədəniyyət, ekologiya və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.