
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Novruz mühazirələri” layihəsi çərçivəsində Cənubi Azərbaycanda milli ədəbiyyat, xalq yaradıcılığı və adətlərinə həsr olunmuş “Güneydən gələn səs” adlı ədəbi-bədii tədbir keçirilib.
Bu barədə BDU-dan məlumat verilib.
Fakültənin professor-müəllim heyətinin, tələbələrin və Cənubi Azərbaycandan olan Aşıq Çingiz Mehdipurun iştirak etdikləri tədbirdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Cənubi Azərbaycanda milli istiqlal və azadlıq ideyalarının formalaşmasına ədəbiyyatın təsirindən, Güneydəki adət-ənənələrin, milli irsimizin qorunub-saxlanmasında mühüm rolu olmuş mütərəqqi düşüncəli ziyalıların fəaliyyətindən, o cümlədən aşıq yaradıcılığının inkişaf meyillərindən söz açıb.
Bildirilib ki, adı Azərbaycan musiqisevərlərinə yaxşı tanış olan Təbrizin “Dalğa” qrupu milli musiqi sənəti və saz ifaçılığının zirvəyə qalxması, dünyada təbliğ olunmasında böyük rol oynayıb. Qrupun fəaliyyətinin təməlində sadəcə yaxşı ifa və maraqlı ideyalar deyil, həm də ciddi nəzəri biliklər və elmi yanaşmalar dayanır. Bu böyük işin memarı Azərbaycan musiqisinin həm praktik, həm də nəzəri səviyyəsinin inkişafına mühüm töhfələr vermiş ustad Aşıq Çingiz Mehdipurdur.
Çingiz Mehdipur Cənubi Azərbaycandakı aşıq məktəbləri, eləcə də aşıq yaradıcılığının mövcud vəziyyəti, doğulub boya-başa çatdığı mühitin onun yetişməsində rolu barədə danışıb. Qeyd edilib ki, aşıq sənətinin tanıdılması və yaşadılması üçün dünya miqyasında tədbirlər keçirməklə yanaşı, Azərbaycanda da ardıcıl elmi tədqiqatlar aparılmalıdır. O, Azərbaycanın həm cənubunda, həm də şimalında aşıq sənəti nümunələrinin toplanması, əldə edilən materialların nota alınması və elmi təhlili məsələlərini əhatə edən layihə üzərində çalışdığını vurğulayıb, layihə çərçivəsində görülən işlər barəsində məlumat verib.
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov Cənubi Azərbaycanda Novruz bayramı adətləri haqqında çıxış edib.
Sonra Aşıq Çingiz Mehdipur sazda xalq mahnıları və aşıq havaları ifa edib, tələbələr Cənub mövzusunda şeirlər səsləndiriblər.