BDU-da görkəmli hüquqşünas-alim Məmməd Xələfovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) görkəmli hüquqşünas-alim, hüquq elmləri doktoru, professor Məmməd Xələfovun anadan olmasının 100 iilik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Hüquq fakültəsinin inkişafında mərhum alimin əvəzsiz xidmətlərini vurğulayıb. O, BDU-da fakültənin köklü ənənələrindən istifadə etməklə müasir hüquq məktəbinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Rektor Universitetin Məmməd Xələfovun həyatı və fəaliyyəti haqqında kitabın nəşrini üzərinə götürməyə hazır olduğunu bildirib: “BDU-da Məmməd Xələfov adına auditoriyanın təsis edilməsinin də artıq vaxtı çatıb. Bu auditoriya BDU-nun ən nümunəvi auditoriyalarından biri olacaq və orada Məmməd Xələfovun ruhuna, əməllərinə layiq dərslər keçiriləcək”.

 

Daha sonra çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov ölkəmizdə hüquq elminin inkişafında və hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığında professor Məmməd Xələfovun xidmətlərini xatırladıb. Prorektor bildirib ki, Məmməd Xələfov 18 il Hüquq fakültəsinə rəhbərlik edib. Bu müddətdə fakültədə 6 yeni kafedra açılıb, ölkədə hüquq təhsili keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, elmi ixtisaslaşma dərinləşib. Məmməd Xələfov yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150-dən çox elmi əsərin müəllifi olub. Onun rəhbərliyi altında 10-dan çox elmlər namizədi hazırlanıb.

 

Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımov “Professor Məmməd Xələfovun həyat və yaradıcılığı haqqında”, Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva “Azərbaycan Respublikasında mülki hüquq elminin inkişafında professor Məmməd Xələfovun rolu” mövzularında məruzələr ediblər. 

Daha sonra qocaman ədliyyə işçisi İkram Kərimov, hüquq üzrə fəlsəfə doktorları Səfa Mirzəyev, Yusif İldırımzadə, İsaxan Vəliyev, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov, millət vəkili Qüdrət Həsənquliyev, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, baş ədliyyə müşaviri Adil Əsgərov, müharibə veteranı Şəmsəddin Əliyev, mərhum alimin qardaşı oğlu, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov  professor Məmməd Xələfovla bağlı xatirələrini bölüşüblər. 

Mənbə

Share: