BDU İstanbul Texniki Universiteti ilə birgə layihələrə başlayır

Bakı Dövlət Universitetində (BDU) Türkiyə Respublikasının İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

 

Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.

 

Bildirilib ki, BDU-nun rektoru Elçin Babayev Türkiyənin ən tanınmış universitetlərindən olan İstanbul Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının önəmli bir ilə təsadüf etdiyini söyləyib. Vurğulanıb ki, bu il Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri böyük coşqu ilə qeyd edilir. Rektor bir neçə gün qabaq Türkiyədə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə qələbəsinin Türk dünyasını daha da gücləndirəcəyini, Azərbaycan və Türkiyə qardaşlığını daha da inkişaf etdirəcəyini qeyd edib: “BDU və İstanbul Texniki Universitetinin elm və təhsil sahəsində birgə əməkdaşlığı qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək. Birgə görəcəyimiz işlər çoxdur. Hər iki universitet öz potensiallarını birləşdirəcək və ortaq elmi araşdırmalar, layihələr həyata keçirəcək”.

 

İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu da Azərbaycanın ilk və ən böyük ali təhsil ocağı BDU ilə əməkdaşlığın faydalı olacağını bildirib. O diqqətə çatdırıb ki, İstanbul Texniki Universiteti mühəndislik, BDU isə dəqiq elmlər sahəsində böyük potensiala malikdir. Bunun nəticəsində qardaş ölkələrimizin maraqlarına uyğun layihələr həyata keçiriləcək.

 

Görüşdə Azərbaycanın elm və təhsil nazinin müşaviri Nicat Məmmədli də iştirak edib.

 

Qeyd edək ki, BDU və İstanbul Texniki Universitetinin ekologiya, neft-qaz mühəndisliyi, elektronika, fizika, kimya, informasiya texnologiya, geologiya mühəndisliyi, hidrologiya istiqamətlərində birgə elmi araşdırmalar aparması, layihələr həyata keçirməsi, beynəlxalq elmi konfrans və seminarlar təşkil etməsi nəzərdə tutulur. Bununla yanaşı, BDU və İstanbul Texniki Universitetində hər iki ali məktəbin tanınmış professorlarının mühazirələri təşkil olunacaq, habelə müəllim-tələbə mübadiləsi həyata keçiriləcək.

Mənbə

Share: