Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş katibinin elm və texnologiya üzrə müşaviri Məhəmməd Şəriflə görüşüb.
Qonağı salamlayan rektor Elçin Babayev qeyd edib ki, əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərdəndir. Rektor BDU-nun ICESCO ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib. O, BDU-da Azərbaycanda ICESCO-nun ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrasının yaradılmasının əməkdaşlığın davamı üçün möhkəm körpü rolunu oynadığını vurğulayıb.
Rektor BDU-da akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda keçirilən Beynəlxalq elmi konfransda iştiraka görə də qonağa təşəkkür edib.
ICESCO Baş katibinin elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif də konfransın yüksək səviyyədə təşkil edildiyini, kimya elminin inkişafına və bu sahədə beynəlxalq əlaqələrə böyük töhfələr verəcəyinə əminliyini bildirib.
Görüşdə BDU ilə ICESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.