Behrudinin imza günü keçirildi – FOTO 

Sentyabrın 10-da Yunis Əmrə İnsitutu Bakı Türk Mədəniyyət Mərkəzində müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan şair Rüstəm Behrudinin “Məzarlıqda bitən yovşan” və “Qızıl alma” adlı şeir kitablarının təqdimatı və imza günü keçirildi.

 

Modern.az xəbər verir ki, tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu açdı. O Rüstəm Behrudinin yaradıcılıq yolundan, redaktoru və tərtibçisi olduğu “Məzarlıqda bitən yovşan” kitabındakı şeirlərin bədii məziyyətindən bəhs edən nitq söylədi.

 

Təqdimat mərasimində Bakı Slavyan Universitetin prorektoru, dosent Xanım Sultanova, “Qızıl alma” kitabının redaktoru, “Məzarlıqda bitən yovşan” kitabının ön söz müəllifi, Prezident təqaüdçüsü, şair Tural Turan müəllifin türkdilli poeziyadakı xidmətlərindən, onun yaradıcılığındakı Turançılıq məfkurəsi ilə bəşəri ideyaların, elementlərin qarşılaşmasından və sənət şəklində boy göstərməsindən əhatəli tərzdə söz açıb, fikirlərini bölüşdü.

 

Eləcə də şair Əlisəmid Kür, yazıçı Kənan Hacı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, gənc yazarlardan Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Fuad Cəfərli, Cavid Fərzəli və tədbirdə iştirak edən digər ədəbiyyat adamları, ictimai şəxslər çıxış edib, müəllif haqqında düşüncələrini sərgilədi.

 

Rüstəm Behrudi təqdimatda öz şeirlərini səsləndirib, tədbir iştirakçılarına təşəkkürünü bildirdi. 

 

Mərasim şairin kitabları imzalaması ilə başa çatdı.

Mənbə

Share: