Bu gün Əsgəranda aşkar edilən kütləvi məzarlığa media-tur təşkil edilib. Media-turda yerli media təmsilçiləri ilə yanaşı, Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosniya və Herseqovina, Rusiyadan olan 35 nəfər xarici media nümayəndəsi də iştirak edib.
Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“Şübhəsiz ki, işğaldan azad edilən ərazilərdə aşkar edilən kütləvi məzarlıqlara bu cür media-turların təşkili, bu turlarda yerli media nümayəndələri ilə yanaşı, əcnəbi jurnalistlərin də iştirakı mühüm önəm kəsb edir. Bu, erməni vəhşiliyinin bütün dünyaya göstərilməsi, onların xalqımıza qarşı törətdiyi cinayətlərin beynəlxalq miqyasda ifşası baxımından əhəmiyyətlidir. Çünki bu cür media-turlar zamanı xarici jurnalistlər hər şeyi yerindəcə müşahidə etmək imkanı əldə edirlər. Bu baxımdan, hesab edirəm ki, gələcəkdə də bu cür media-turların təşkili erməni vandalizminin ifşası baxımından faydalı olar”.
Seymur ƏLİYEV