Belə olacağını gözləmirdim, əsgər gedəcəm… – İmtahandan REPORTAJ

Belə olacağını gözləmirdim, əsgər gedəcəm… – İmtahandan REPORTAJ

Bu gün Azərbaycanda 18 mindən çox bakalavr magistraturaya qəbul imtahanı verib. İmtahanlar ölkənin 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda təşkil olunub.

 

Modern.az-ın əməkdaşı paytaxtda imtahan keçirilən məktəblərdən birinə baş çəkərək, bakalavrların və onların valideynlərinin təəssüratlarını öyrənib.

 

İmtahandan öncə hər kəsdə həyəcan hiss olunurdu. Bakalavrlar sualların çətin olub-olmayacağını düşünür, onları gözləyən ailə üzvləri və yaxınları isə gənclərə ürək-dirək verirdilər. Dəqiqələr ötdükcə stress daha da artır və hamı imtahanın başlamasını gözləyirdi.

 

İmtahan öncəsi abituriyentlərlə söhbət etdik.

 

 

Elə ilk müsahibimiz də yaman həyəcanlı görünürdü. Atası ilə imtahana gələn Sevinc Aslanova arzularının reallaşacağına əmin olduğunu söylədi:

 

“Semestr imtahanları ilə magistratura imtahanına eyni anda hazırlaşmaq çətin oldu, ona görə bir az həyəcanlıyam, amma inamım da var ki, yaxşı nəticə əldə edə biləcəm. Təhsilimi davam etdirmək, ali məktəb müəllimi olmaq arzusundayam, inşallah, arzum reallaşar. Hamıya uğurlar arzulayıram”.

 

 

Onun atası Elxan Aslanov söhbətə qoşularaq qızına dəstək verdi:

 

“Qızım aylardır ki, imtahan hazırlaşır. Bu günə qədər həmişə nəticələri yaxşı olub, bu imtahanda da əla nəticə göstətəcəyinə inamım böyükdür. Nəticəsi zəif olsa belə, problem deyil. Çox şükür, o, çox əzmkardır. Qızım daxil olmaqla, bütün uşaqlara uğur diləyirəm”.

 

 

Daha sonra Bakı Mühəndislik Univeristetinin tələbəsi olan Aqil Abduləzizovla söhbətləşdik. O da imtahana hazır olduğunu bildirdi:

 

“Hazırlaşmaq çətin olsa da, bütün proqramı tamamlaya bildim. Özümü hazır hiss edirəm.  O qədər imtahanlara girmişəm ki, artıq həyəcan hiss etmirəm (gülür). Hər kəsə uğurlar arzulayıram və inanıram ki, əziyyətimiz qarşılıqsız qalmaz. Çəkilən zəhmət yerdə qalmır onsuz da”.

 

 

Aqildən sonra qızına dəstək vermək üçün gələn Gülzar Rəsulovanın fikirlərini öyrəndik:

 

“Qızım bu gün imtahan verir, ona dəstək üçün buradayam, öhdəsindən gələcəyini düşünürəm. 4 il öncə universitetə qəbul imtahanında çox həyəcanlı idi, amma yaxşı nəticə göstərə bildi, indi də bunu bacaracaq, əminəm. Bal yığsa da, yığmasa da canı sağ olsun”.

 

 

Hamıdan kənarda dayanıb, imtahanın başlamasını gözləyən Araz Həşimlidən imtahana hazır olub-olmadığını soruşuruq:

 

“Həyəcanlı deyiləm, amma arxayın da deyiləm, inanıram ki, sualların öhdəsindən gələcəm. Sınaq imtahanında bir az çətinlik çəkdim, amma indi daha ciddi hazırlaşmışam. Düşünürəm ki, öhdəsindən gələcəm. İmtahandan kəsilsəm, əsgər gedib gələndən sonra hazırlaşaram”.

 

Söhbətimizi yekunlaşdırıb bakalavrları imtahana yola saldıq. 

 

 

***

 

Məktəbin ətrafında gözləyən valideynlərin gözü qapıya dikilmişdi. Vaxt yaxınlaşdıqda hamı imtahanın yekunlaşmasını gözləyir, “görəsən, övladım necə yazdı”, – deyə sual edirdilər.

 

Beləcə, 3 saat sonra magistraturaya qəbul imtahanı başa çatdı. Bəziləri sevincli, bəzilər ilə məyus halda məktəb binasını tərk edirdi.

 

Bəs, imtahanlar necə keçdi? 

 

 

“İmtahan asan keçdi, suallar çətin deyildi. Düşünürəm ki, keçmişəm, 81-dən çox bal gözləyirəm və inanıram ki, elə də olacaq. 2 ay idi hazırlaşırdım, hazırlıq prosesində çox əziyyət çəkdim, istəyirəm bəhrəsini görəm”, – gənclərdən biri sevincini bölüşərək dedi.

 

 

Sualların çətin olmasından şikayətlənənlər də az olmadı:

 

“Belə çətin olacağını gözləmirdim, hazırlaşdığım mövzulardan düşmədi, elə bilirdim asan olacaq. Sözün açığı ciddi hazırlaşmamışdım, düşünürdüm ki, rahat olar. Amma çətin oldu. Sınaq imtahanı bundan rahat idi, niyə belə oldu, anlaya bilmədim”.

 

 

Növbəti həmsöhbətimiz isə imtahanın pis keçmədiyini vurğuladı: 

 

“İndidən neçə bal topladığımı deyə bilmərəm. Məncə, elə pis deyildi, yaxşı hazırlaşmışdım, elə də çətinlik çəkmədim, bircə ingilis dilindən dinləmə mətni məni çətinə saldı, bir də informatika, qalan hər şey yaxşı idi”.

 

Beləliklə, həyəcan və sevinc dolu ilk imtahanı geridə qoyub, gənclərlə sağollaşırıq. 

 

Qeyd edək ki, fevralın 20-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

 

Mənbə

Share: