“Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti, silahları, hərbi və xüsusi texnikası Belarusa daxil olmaqda davam edir…”
“Rusiya Belarus cəbhəsinin açılışından Kiyevin zəbt edilməsinə ikinci dəfə cəhd göstərə bilər…”
Tezliklə Belarusda Rusiya ilə birgə hərbi təlimlər keçiriləcək…
Yanvarın 16-dan fevralın 1-dək Belarusda Rusiya-Belarus birgə hərbi təlim keçiriləcək. Təlimdə Rusiyanın Hərbi-Kosmik Qüvvələri iştirak edəcək.
Moderator.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Dünən Rusiya təyyarələri Belarusa eniş edib. Belarusun Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin bütün hava limanları və poliqonları manevrlərə cəlb ediləcək.
Yanvarın 5-də Belarus müdafiə nazirliyi bəyan edib ki, birgə qoşun qruplaşmasının tərkibi gücləndirilib.
Qeyd edilib ki, ölkəyə Rusiya Federasiyası Silahlı Qüvvələrinin “şəxsi heyəti, silahları, hərbi və xüsusi texnikası daxil olmaqda davam edir”.
Yanvarın 6-da Aleksandr Lukaşenko Rusiya birləşmələrinin birinin dislokasiya edildiyi Obuz-Lesnovski ümumqoşun poliqonunu ziyarət edib.
Poliqon bilavasitə Belarusun Polşa və Ukrayna ilə sərhəddinin yaxınlığında yerləşir.
“Ümumi iş görürük”, – Lukaşenko rusiyalı zabitin Rusiya-Belarus qoşun qruplaşması hissə və birləşmələrinin döyüş hazırlığı barədə məruzəsindən sonra bəyan edib.
Poliqonda motoatıcı və tank bölmələri, xüsusi təyinatlılar və HHM hissələrinin qarşılıqlı əlaqəsi sınaqdan keçirilib.
2022-ci ilin sonunda Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç Kiyevi “regonal münaqişəyə təhrik etməkdə” ittiham edib.
Bundan öncə ekspertlər güman edib ki, Rusiya “Belarus cəbhəsi”nin mümkün açılışı ilə bağlı taktiki və strateji üstünlüklərindən istifadə edərək, Kiyevin zəbt edilməsinə ikinci dəfə cəhd göstərə bilər.