Belarusda ötən gün keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq müxalifət tərəfdarları paytaxt Minskdə və digər iri şəhərlərdə dünən gecədən etiraz aksiyaları keçirməyə cəhd göstərir. Lakin Belarus təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına sərt müdaxilə edir.
Virtualaz.org xəbər verir ki, Minskin Qələbə meydanında dünən gecə yarısını keçmiş etiraçılarla milis arasında toqquşmalar başlayıb. Təhlükəsizlik qüvvələri səs-işıq qumbaraları atır, müxalifət isə feyerlər yandırır və onları milisə tərəf atır. Mitinqçilər arasında yaralananlar olub. Habelə “Mink-qəhrəmanlar şəhəridir” abidəsinin qarşısında da toqquşmalar baş verib. Milis səs qumbaraları tətbiq edib. Etirazçılar isə zibil yeşiklərindən barrikadalar qurmağa başlayıb.
Səhərə yaxın OMON insanları şəhərin mərkəzindən sıxışdırmağa nail olub. Lakin Belarus KİV-ləri küçələrdə insanların sayının getdikcə artdığını bildirir. Daxili İşlər Nazirliyi operativ qərargah yaradıb, o cümlədən bütün rayon şöbələrində belə qərargahlar təşkil olunub.
Digər xəbərlərə görə Minskin mərkəzində atəş səsləri eşidilir. İki güclü partlayış da baş verib. “RİA Novosti “ Maşerova və Storojovski küçələrinin kəsişməsində tüstü buludunun havaya qalxdığını bildirir. Telegram-kanallarda yayılan xəbərlərə görə Minskin “Yubileynaya” otelinin və İdman Sarayının qarşısında çoxsaylı insan kütləsi toplaşıb. OMON onlara müdaxilə edib, insanlar qaçıb ağacların və kolların arasında gizlənməyə çalışıblar.
Minskin “Belarus “ kinoteatrı səmtində də minlərlə insanın yürüşə çıxdığı bildirilir. OMON onlara boş patronlarla, bəzi məlumatlarə görə isə rezin güllələrlə atəş açıb. Başqa bir küçədə dustaqları daşımaq üçün nəzərdə tutulan maşını etirazçılar kütləsinin üzərinə sürüblər, bir nəfər yıxılıb. Digər etirazçılar dərhal onun ətrafına toplaşıblar, bu zaman onlara səs-işıq qumbaraları atıblar. 5-6 nəfər ciddi xəsarət alıb. Təcili yardım maşını gəlib. Maşınla vurulan etirazçının reanimasiyada olduğu bildirilir.
Minsklə yanaşı Moqilyov, Vitebsk, Brest və digər şəhərlərdə də etirazlar qeydə alınıb. Qrodno şəhərində milis gözyaşardıcı qaz tətbiq edib. Etirazların olduğu şəhərlərdə həbslər aparılır.
Belarusdan informasiyaların əldə edilməsi çətinliklə baş verir. Çünki bütün ölkə üzrə internetdə problemlər var. Hazırda Minskin mərkəzi küçələrini yük maşınları və xüsusi texnika ilə bağlayıblar.
Xatırladaq ki, Belarus hakimiyyətinin təşkil etdiyi exit-poll nəticələrinə görə Aleksandr Lukaşenko 79 faizdən çox səs toplayıb. Onun əsas rəqibi Svetlana Tixanovskaya isə 7 faizə yaxın səsə kifayətlənməli olacaq.