Belçikanın xüsusi xidmət orqanları bir növ “informasiya agentliyi” rolunu oynayan və İŞİD terrorçu qruplaşmasının təbliğat kanalı olan “Amak”a qarşı uğurlu kiberhücum həyata keçiriblər.
Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, ikigünlük əməliyyat zamanı Avropanın “Avropol” polis təşkilatı da belçikalı həmkarlarına kömək edib. Bir il əvvəl də belçikalı kibercasuslar sınaq qismində bu cür əməliyyat həyata keçiriblər, amma həmin vaxt “Amak” özünün sıradan çıxarılmış saytını və qeydiyyatını qısa müddət ərzində bərpa edə bilib.
Belçika prokurorluğunun əməkdaşı bildirib ki, həmin vaxt terrorçuların aldıqları zərbədən belə tez özlərinə gəlməsi onları çox təəccübləndirib. Ona görə də növbəti əməliyyat zamanı tamamilə başqa konseptual yanaşma tətbiq olunub. Onun sözlərinə görə, bu dəfə onların akkaunt və saytları sıradan çıxarılıb və artıq bir həftədir ki, işləmir. Təbii ki, onlar fəaliyyətlərini yenidən bərpa etmək istəyəcək, amma bunun üçün çoxlu pul və uzun müddət tələb olunacaq.
Belçika federal polisi İŞİD-in serverlərinə qarşı istintaq aparır və terrorçuların yerləşdikləri yeri müəyyən etməyə çalışır.