Belçikaya məxsus qırıcı təyyarə Fransa səmasında qəzaya uğrayıb

Belçika Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarəsi Fransanın qərbində qəzaya uğrayıb. Təyyarə evlərdən birinin damını zədələyib.

AZƏRTAC xəbər verir ki, hər iki pilot katapult edib, lakin onlardan birinin paraşütü yüksək gərginlikli elektrik xətlərinin iki dirəyi arasındakı kabelə ilişib. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər onu bu vəziyyətdən xilas ediblər.

Qəza barədə məlumat Belçika Müdafiə Nazirliyi tərəfindən təsdiq edilib. F-16 Belçikanın Floren şəhərindəki uçuş zolağından havaya qalxıb. Tezliklə təyyarədə mühərriklə bağlı problemlər yaranıb. Həmin anlarda təyyarə saatda 800 kilometr sürətlə cəmi 500 metr yüksəklikdə Fransanın hava məkanında uçurmuş. Pilotlar mühərriki yenidən işə sala bilmədikləri üçün təyyarə enməyə başlayıb.

Belçika HHQ-də bildiriblər ki, F-16 qırıcısı təqribən 40 il istifadə olunub, lakin ona yüksək səviyyədə xidmət göstərilib.

Yerli sakinlər təxliyə olunublar. Xoşbəxtlikdən, qəza əhalinin sıx yaşadığı rayonda baş verməyib. Təyyarə tamamilə sıradan çıxıb.

Share: