“Ona hücumu dayandırmaq kifayət edərdi ki, bunlar baş verməsin, mən bu cənabın davranışını son dərəcə neqativ dəyərləndirirəm…”
“Berluskoninin Ukrayna prezidentini ittiham etməsi Putinin dirsəyədək qana bulaşan əllərindən öpmək cəhdidir…”
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Ukrayna prezidenti Vladimir Zelenskinin tənqid etməsilə bağlı qalmaqaldan sonra ritorikasını dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə İtaliyanın “Domani” nəşri yazıb.
Fevralın 12-də Berluskoni bəyan edib ki, əgər o, bu gün baş nazir olsaydı, prezident Zelenski ilə görüşməzdi və bu zaman Rusiya Federasiyası təbliğatının Ukraynanın “Donbasa hücum etdiyi” barədə tezislərini təkrar edib.
“Ona hücumu dayandırmaq kifayət edərdi ki, bu, baş verməsin, ona görə də bu cənabın davranışını mən son dərəcə neqativ dəyərləndirirəm”, – nəşr Berluskonidən iqtibas gətirib.
İtaliya siyasətçisi həmçinin bəyan edib ki, “sülhə nail olmağın yeganə üsulu” ABŞ tərəfindən Ukraynaya hərbi və maliyyə yardımının dayandırılmasıdır.
“Amerika prezidenti Zelenskiyə müraciətlə deməlidir: “Müharibə bitəndən sonra Ukraynanı bərpa etmək üçün Marşall planı sizin sərəncamınızdadır, bir şərtlə ki, günü sabah atəşin dayandırılması barədə əmr verəsiniz, həmçinin sabahdan başlayaraq biz sizə daha dollar və silah verməyəcəyik. Yalnız belə davranış bu centlmeni atəşin dayandırılmasına getməyə inandıra bilər”, – Berluskoni deyib.
Onun nitqinə cavab olaraq baş nazir Corci Meloni başda olmaqla İtaliyanın hazırki hökuməti bəyan edib ki, ölkə Ukraynanı qətiyyətlə və inamla dəstəkləyir.
“Bu, proqramda dəqiq nəzərdə tutulub və parlamentdə əksəriyyət səslərlə təsdiq edilib”, – İtaliya parlamentində vurğulanıb.
Ukrayna XİN də sabiq baş nazirin fikirlərinə münasibət bildirib.
“Mən 2010-cu ildə Ukraynanın Liviyadakı səfirliyində işləmişəm. Xatirimdədir, o zamankı baş nazir Silvio Berluskoni Mömər Qəzzafi ilə görüşə uçub gəlmişdi. Rəsmi mərasimdə telekameralar qarşısında Berluskoni Liviya diktatorunun əllərindən öpərək ona öz loyallığını nümayiş etdirib.
Berluskoninin Ukrayna prezidentini əsasız olaraq ittiham etməsi Putinin dirsəyədək qana batan əllərindən öpmək cəhdidir. Bununla o, Rusiya diktatoruna öz loyallığını nümayış etdirməyə cəhd göstərir”, – bunu “Facebook” səhifəsində Ukrayna diplomatik idarəsinin spikeri Oleq Nikolenko yazıb.
Dünən Berluskoninin “Facebook” səhifəsində dərc edilən postda siyasətçi özünün Ukrayna əleyhinə ifadələrinə haqq qazandırmağa cəhd edib.
“Mən həmişə Ukrayna xalqının və sülhün tərəfdarı olmuşam və qalıram. Mən ümid edirəm ki, tezliklə hamımız üçün bu çox təhlükəli müharibənin diplomatik həlli tapılacaq”, – sabiq baş nazir yazıb.
O, əmin edib ki, sadəcə, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağın mümkün diplomatik üsulu kimi Ukraynanın bərpa edilməsi üzrə Qərbin böyük Marşall planını təklif edib.