Güclü diaspor ölkəyə böyük dəstəkdir. Bu, bir daha sübut olundu. Ölkədən kənarda olan azərbaycanlılar Ermənistana çox ciddi iqtisadi zərbə vurdular. O da sübut olundu ki, birləşmək, millət kimi ortaq mövqe sərgiləmək sifarişlə baş vermir.
Milletinsesi.az xəbər verir ki, bu sözləri professor İlham Rəhimov jurnalist Aygün Muradxanlı ilə müsahibəsində deyib.
“Nə zaman ki, millətin damarına basılır, o zaman birlik öz-özünə yaranır. Rusiyada çox sayda diaspor qurumlarımız var. Bəzilərinin rəhbərləri bir-birini görəndə bəlkə heç salam da vermir. Ancaq bu gün hər kəs ortaq mövqedən çıxış edir. Bunun adı milli birlikdir. Ermənilər Qərb bölgəsinə hücum etməklə bir daha niyyətlərini ortaya qoydular ki, onların hədəfi yalnız Qarabağ deyil, onlar Azərbaycandan torpaq qoparmaq istəyir. Qarabağ tamamilə fərqli hərbi, iqtisadi, beynəlxaq şərtlər altında işğal olunub. Ermənistan bu işğala illərlə hazırlaşıb. İdeologiyasını yaradıb, diasporunu qurub, beynəlxalq dəstək alıb, hərbi dəstək qazana bilib. Ən əsası, milləti bu işğala hazırlayıb. İndi Azərbaycan güclənir. İndi biz millət kimi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə hazırlaşırıq. Güclənirik, böyüyürük. Düşünürəm ki, bu birliyimizi pozmaq, bizi hədəflərimizdən yayındırmaq artıq mümkün olacaq məsələ deyil. Atatürkün sözləri ilə desək, mövzu Vətən olanda, qalan hər şey təfərrüatdır”, – o qeyd edib.